Bu il "Yüksəliş"də qeydiyyatdan keçən 78 nəfərin müraciəti ləğv olunub

V "Yüksəliş" müsabiqəsində qeydiyyatdan keçən 16 min 553 nəfərdən 78-nin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün İşçi Qrupu tərəfindən məlumatları yoxlanılarkən ləğv edilib. SİA xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev aprelin 18-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il müsabiqəyə 9 976 nəfər təkrar müraciət edib:

"Həmin şəxslər ötən illərdə keçirilən müsabiqədə də iştirak ediblər. İlk dəfə müraciət edən namizədlərin sayı isə 6 577 nəfərdir".

İşçi Qrupunun rəhbəri həmçinin bildirib ki, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət edib:

"Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyənləşdirilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56,48 faizi dövlət sektorunda, 41,05 faizi özəl sektorda, 1,49 faizi qeyri-hökumət təşkilatlarında (QHT), 0,98 faizi isə beynəlxalq qurumlarda çalışır".

Bütün xəbərlər Facebook səhifəmizdə