Şuşa, Xankəndi və Xocalıda ilk dəfə orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub.

Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edib.

İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub.

İşğaldan azad olunmuş rayonlardakı imtahanlardaümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə