Neft və Sənaye Universitetində Geoloqlar Günü qeyd olunub

Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, ADNSU-dan bildirilib ki, tədbirdə çıxış edən rektor Rüfət Əzizov geologiyanın təkcə elm sahəsi kimi deyil, həm də iqtisadi inkişafla bağlı əhəmiyyətli sahələrdən biri olduğunu deyib. O, ADNSU-nun tədqiqat universitetinə çevrilməyi hədəflədiyini vurğulayıb. Rektor universitetin geologiya sahəsində zəngin təcrübəsinin olduğunu bildirib.

SOCAR-ın vitse-prezidenti Arzu Cavadova geologiyanın ölkə və region üçün mühüm əhəmiyyətindən söz açıb. O, ənənəvi olaraq aprel ayının ilk bazar gününün Geoloqlar Günü kimi qeyd edilməsinin təsadüfi olmadığını, hər il bu vaxtlarda çöl-tədqiqat işlərinə başlanıldığını diqqətə çatdırıb.

Universitetin Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev, Neft və Qaz İnstitutunun icraçı direktoru professor Vaqif Qurbanov, SOCAR-ın Neft-qaz yataqlarının işlənməsi şöbəsinin rəis müavini Elvin Əhmədov, professor Çingiz Xəlifəzadə çıxışlarında geologiyanın elm sahəsi kimi önəmindən danışıblar.

Tədbir Geofiziki Kəşfiyyat Cəmiyyəti (SEG) komandasının çıxışından sonra panel sessiya ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə