Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. BŞTİ-dən SİA-ya bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq.
Sərbəst formada şagird qəbulu aparılan ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək.
Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.
Mayın 1-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üzrə uşaqların qeydiyyatına www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə start veriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə