Azərbaycan Dillər Universitetində Çinin Çunfen bayramı qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda hər il Çində qeyd olunan ənənəvi “Çunfen”ə (Bahar bərabərliyi festivalı) bayramına həsr edilmiş tədbir keçirilib. SİA xəbər verir ki, bu barədə İnstitutdan məlumat verilib.

Bildirilib ki, “Çunfen” bayramı yazın gəlişini, təbiətin yenilənməsini, həyatın yeni dövrəsinin başlanğıcını simvolizə edir və çinlilərin təbiətə hörmətli münasibətini əks etdirir.

Tədbiri giriş sözü ilə açan ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, Çin mədəniyyətinin simvolu olan Çin kənd təsərrüfatı təqvimində 24 fəsildən dördüncü olan “Çunfen” baharı iki bərabər hissəyə ayırır.

"Çunfen" gəldikdən sonra hava getdikcə günəşli və isti olur və erkən çəltik əkini başlayır. Çinlilər hesab edirlər ki, "Çunfen" mövsümünün gəlişi ilə "In" və "Yan"ın iki əksi tarazlıq vəziyyətinə düşür, Bahar bərabərliyi yaranır. Bahar bərabərliyinin təsvirləri qədim Çin traktatlarında - Çjou sülaləsinin "Ayinlər kitabı", həmçinin Konfutsi tərəfindən tərtib edilmiş "Tarix kitabı" və "Mahnılar kitabı"nda əks olunub.

Tədbirdə çıxış edən ADU-nun çinşünas tələbələri el şənliklərinin açıq səma altında keçirilməsi, təbiət gəzintilərindən, uçurtma uçurmalarından, yaz tərəvəzləri yeməkdən, xalq arasında yumurtanın dik vəziyyətdə qoyulması kimi məşhur adətlə bağlı olan “Çunfen” ənənələrindən danışıblar. Çinlilər inanırlar ki, kim bunu bacararsa, bütün il boyu xeyir-dualı keçəcək. Tələbələr həmçinin Çin ənənəsində insanların həyatındakı dəyişiklikləri simvolizə edən “Çunfen” dövründə keçirilən “Minşufen” (Şərq Küləyi Festivalı) bayramından da danışıblar. Qeyd olunub ki, Şərq küləyi insanların düşüncələrinə aydınlıq və nizam-intizam gətirərək, onları fəal həyata və düzgün qərarlara yönəldir.

Bütün xəbərlər Facebook səhifəmizdə