7-18 mart 2025-ci tarixlərində Bakı Biznes Universitetinin yaranmasının 32-ci ildönümünə həsr olunmuş “Universitet günləri” adlı silsilə tədbirlər həyata keçirilib.
Tədbirlər planı çərçivəsində tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə YARAT Müasir İncəsənət Məkanı, Mərkəzi Nəbatat Bağı və Azərbaycan Milli Xalça Muzeyinə ekskursiyaları təşkil edilmiş, tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışları, “BBU Foto Challenge” şəkil müsabiqəsi, fakültələrarası şahmat-dama turnirləri, voleybol turniri, psixoloji xidmət mərkəzi tərəfindən maraqlı oyunlar, testlər keçirilmiş və yekunda qaliblər mükafatlandırılmışdır. Həmçinin Universitetdə fəaliyyət göstərən Karyera və Məzunlarla İş Mərkəzi tərəfindən tələbə və məzunlarla karyera konsultasiyları təşkil edilmiş, “West Product Marketing” şirkətinin rəhbərliyi ilə tələblərin aktiv müzakirəsi keçirilmiş, Universitetin “Humanitar elmlər” kafedrası və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə elmi konfrans, seminar təşkil edilmişdir.
Həmçinin “Universitet günləri” çərçivəsində Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın nüfuzlu universitetlərində təhsil almış tələbələrimizin iştirakı ilə forum keçirilmış, xaricdə təhsillə maraqlanan tələbələr üçün infosessiya təşkil edilmişdir. Universitetin əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə AIESEC beynəlxalq gənclər təşkilatı ilə memomarandum imzalanmış, Universitetdə təşkilatın infosessiyası keçirilmişdir. Tələbə gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, yaradıcı düçüncə bacarıqlarının formalaşdırılması məqsədilə Xan nəşriyyatı ilə birlikdə “Oxucu klubu”nun təsis edilməsi barədə razılıq əldə olunmuşdur. Müvafiq tədbirlər planına uyğun olaraq, Universitetdə “Açıq qapı günü” keçirilmiş, məktəblilər Universitetin təlim-tədris prosesi, elmi işləri, beynəlxalq əlaqələri, sosial-ictimai fəaliyyətləri və digər imkanlarla yaxından tanış olmuşlar. Yekun olaraq, tədrisdə, elmdə və sosial-ictimai fəaliyyətlərdə fərqlənən tələbələr “Universitet Günü” ilə bağlı fəxri fərmanlarla təltif edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə