Rəşid Qayıbovun xatirəsinə həsr edilən tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci rektoru (1934-1937-ci illər) olmuş Rəşid Qayıbovun xatirəsinə həsr edilən tədbir keçirilib. SİA xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov universitetin öz keçmişinə hər zaman sadiq qaldığını və dəyərlərinə hörmətlə yanaşdığını diqqətə çatdırıb. O, bu dəyərlər arasında universitetin tarixində mühüm rol oynamış şəxslərin xüsusi yer tutduğunu, UNEC-in sabiq rektoru Rəşid Qayıbovun məhz həmin şəxsiyyətlərdən olduğunu diqqətə çatdırıb. Rektor Ədalət Muradov Rəşid Qayıbovun Azərbaycan təhsilinə və elminə verdiyi töhfələri xüsusilə vurğulayaraq, onun xalqına və vətəninə böyük sevgi ilə yanaşan bir şəxsiyyət olduğunu bildirib. O, UNEC tarixində silinməz izlər qoyaraq, bu tarixin parlaq simalarından biri olan Rəşid Qayıbovun xatirəsinin yad edilməsinin UNEC ailəsinin hər bir üzvünün mənəvi borcu olduğunu deyib.

Sonra Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov mərhum rektor Rəşid Qayıbovun həyatı və fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, 1937-ci il repressiyasında Rəşid Qayıbov vəzifəsindən rektor vəzifəsindən uzaqlaşdırılaraq, əksinqilabçı və millətçi təşkilatın üzvü olduğu iddiası ilə həbs edilib, yalançı ifadələr əsasında təqsirli bilinərək 1938-ci ilin iyulunda güllələnməyə məhkum olunub.

N.Süleymanov Rəşid Qayıbovun həyatının, onun göstərdiyi cəsarət və mübarizənin tarixdə silinməz izlər buraxdığını diqqətə çatdırıb.

Sonra Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov və Azərbaycan dili kafedrasının dosenti Günal Səfərli çıxış edərək, repressiyanın tariximizə və xalqımıza vurduğu ağır zərbələrdən söz açıblar. Repressiya qurbanı olmuş Rəşid Qayıbovun Azərbaycan elminin və təhsilinin inkişafındakı rolundan danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə