Qara dəniz Texniki Universitetinin dosenti BDU-da elmi seminar keçirib - FOTOLAR
Türkiyənin Qara dəniz Texniki Universitetinin Molekulyar biologiya və genetika şöbəsinin dosenti Murat Erdem Güzel Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Bitki molekulyar sistematika tədqiqatları üçün multi nümunələmə metodologiyasının istifadəsi” mövzusunda onlayn seminar keçirib. SİA xəbər verir ki, fakültənin dekanı professor Afət Məmmədova molekulyar sistematika sahəsində yeniliklər barədə söz açıb, çoxlu nümunələmə metodunun əhəmiyyəti və bu metodun tətbiqinə dair praktiki yanaşmaların müzakirəsinin vacib olduğunu bildirib.
Murat Erdem Güzel məruzəsində bitki sistematikasının molekulyar yanaşmalarla daha dəqiq tədqiq oluna biləcəyini deyib. O qeyd edib ki, multisamplinq metodologiyası endemik növlərin dəqiq müəyyən edilməsi və onların təkamül tarixçəsinin izahında mühüm rol oynayır. Bu yanaşmanın əhəmiyyətini göstərmək üçün o, Azərbaycanın endemik bitkilərindən biri olan Bakı keçəotusu (Nonea Bakuensis) üzərində aparılmış tədqiqatları nümunə kimi təqdim edib.
Seminar çərçivəsində filogenetik ağac anlayışı və onun sistematik tədqiqatlardakı rolu da müzakirə olunub.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb və müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə