Beşinci Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək
Martın 15-də saat 11:00-da V Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək. Bu barədə SİA-ya Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. BDU və Naxçıvan şəhəri 3 nömrəli tam orta məktəbdə keçiriləcək müsabiqədə olimpiadanın respublika turunda 75-dən çox bal toplayan şagirdlər iştirak edəcəklər.
BDU, Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq və bu ilin avqustun 11-21-də Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
V Azərbaycan Astronomiya Olimpiadası və XVII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə