Zaqatalada, Balakəndə və Qaxda buraxılış imtahanı 10 mərkəzdə aparılıb - FOTOLAR
Martın 9-da Dövlət İmtahan Mərkəzinin (DİM) Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Zaqatala rayonunda 5, Balakəndə 3, Qaxda isə 2 mərkəz olmaqla, ümumilikdə 10 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Balakən şəhər 1, 3 nömrəli və Hənifə kənd tam orta məktəblərdə, həmçinin Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə təşkil olunub.
İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Zaqatalada keçirilən və ümumilikdə 1150 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 109 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 91 zal ayrılıb.
Balakəndə keçirilən buraxılış imtahanında 713 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 11 imtahan rəhbəri və 70 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 59 zal ayrılıb.
Qax rayonunda keçirilən və 536 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına isə 7 imtahan rəhbəri və 50 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 42 zal ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə