Bu gün Dövlət İmtahan Mərkəzi qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
İmtahanda 135 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 68 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3 – 4 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
Bütün xəbərlər Facebook səhifəmizdə