Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
SİA xəbər verir ki, ADNSU-dan verilən məlumata görə, Azərbaycan Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, o cümlədən Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru, dosent Rüfət Əzizov Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxdığını qeyd edərək, 33 il əvvəl insanlığa qarşı baş vermiş bu cinayətin beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılmasına və təbliğ edilməsinə gənclərin peşəkarlıqla yanaşmalı olduqlarını bildirib. Bu mənada ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşdüyünü söyləyən rektor Xocalı soyqırımı ilə bağlı tədbirlərin mahiyyətinin gənclər arasında düzgün təbliğ edilməsinin, professor-müəllim heyəti ilə tarixi mövzularda təhlillərin aparılmasının önəmini qeyd edib. 33 ildir ölkəmizdə Xocalı soyqırımı ilə bağlı ideoloji iş aparıldığını vurğulayan R.Əzizov, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən başlıca amillərdən birinin məhz bu olduğunu bildirib.
ADNSU-nun Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva Xocalıda baş vermiş hadisələri sadalamaqla, ermənilərin hər fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, torpaqlarımızı mənimsəməyə çalışdıqlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 2020-ci ildə Azərbaycan torpaqlarının azad olunması ilə tarixi ədalətin bərpa oldunduğunu deyən professor bu gün Xocalıda Azərbaycan Bayrağının qürurla dalğalandığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə