İtaliya-Azərbaycan Universiteti çərçivəsində Heyvandarlıq üzrə yeni ixtisas təqdim edilib - FOTOLAR
ADA Universiteti İtaliya-Azərbaycan Universiteti təşəbbüsü çərçivəsində Heyvandarlıq üzrə ilk bakalavr proqramını təqdim edib. SİA xəbər verir ki, bu münasibətlə fevralın 20-si İtaliyanın aparıcı aqrar şirkətlərinin nümayəndələrinin, bu sahədəki yerli və xarici ekspertlərin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə təqdimat keçirilib.
Tədbirdə çıxış edən ADA Universitetinin Prorektoru Elkin Nurməmmədov bildirib ki, kənd təsərrüfatının əsas sektorlarından biri olan Heyvandarlığın inkişafı bir neçə səbəbdən vacibdir. Həmin səbəblər sırasında heyvandarlığın qida təhlükəsizliyinə, regionların sosial-iqtisadi artımına və ölkəmizin qeyri-neft sektorunun inkişafına təsirini qeyd etmək olar. Əlavə edib ki, Azərbaycanın kənd təsərrüfatı strategiyası aqrar sahədə elmi yanaşmaların və innovasiyaların tətbiqini nəzərdə tutduğundan, ADA Universiteti bu işə fayda verə biləcək yerli kadrlar yetişdirməyi öz məqsədlərindən biri kimi müəyyənləşdirib.
"Bu proqramın mühüm xüsusiyyətlərindən biri, tələbələrin təhsil prosesinin bir hissəsini ADA Universitetinin Gəncə kampusunda davam etdirmələri olacaq. Burada onlar öz sahələri üzrə praktiki biliklərini inkişaf etdirəcək və özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində sahə təcrübəsi və təqaüd imkanları əldə edəcəklər.
Kənd təsərrüfatı və qida elmləri fakültəsinin bakalavr ixtisaslarına xüsusilə Bakıdan kənardakı tələbələrin də cəlb edilməsi məqsədilə ADA Universiteti özəl sektorla birlikdə təqaüd proqramları üzərində çalışır", - deyə Prorektor Elkin Nurməmmədov əlavə edib.
Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin dekanı Mateo Vittuari vurğulayıb:
“İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində italyan universitetləri və şirkətləri ADA Universiteti ilə əməkdaşlıq edir. Xüsusilə Bolonya Universiteti ən son heyvandarlıq texnologiyalarını və bu sənayedəki aparıcı şirkətlərin təcrübələrini azərbaycanlı gənclərlə bölüşür. Bu səbəbdən də Heyvandarlıq üzrə bakalavr proqramı beynəlxalq standartlara əsaslanaraq, regionların inkişafına fayda verəcək mütəxəssislər yetişdirəcək, onlara ən yaxşı təcrübəni qazandıracaq.”
Təqdimat "Təhsil vasitəsilə Heyvandarlıq sahəsində yeni iş imkanlarının təqdim edilməsi” mövzusundakı panel müzakirələrlə davam edib. Paneldə Azərbaycanı və İtaliyanı təmsil edən müvafiq sahənin aparıcı ekspertləri, şirkət rəhbərləri və tədqiqatçılar universitet-sənaye əməkdaşlığı, kənd təsərrüfatı sektorunda məşğulluq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün beynəlxalq tərəfdaşlıqların rolu kimi mövzuları müzakirə ediblər.
Tədbir iştirakçıları italyan mütəxəssislərlə görüşmək, aqrar biznes, praktikanın məhsuldarlığa təsiri və digər mövzular barədə söhbət aparmaq imkanı əldə ediblər. Həmçinin ADA Universitetinin nümayəndələri iştirakçılara proqramın əsas komponentləri, tədris metodu, təqaüd imkanları və gələcək karyera fürsətləri bardədə ətraflı məlumat veriblər.
Xatırladaq ki, 2024-cü ildə ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə birgə təqdim etdiyi Qida elmləri və Kənd təsərrüfatı fakültəsinə Kənd təsərrüfatı Texnologiyaları, Qida texnologiyaları və Menecment (Kənd təsərrüfatı və Qida sənayesi) üzrə 110 tələbə qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə