"Azərbaycanda rusdilli orta məktəbləri ləğv etmək lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda rus bölməsi olan, rusdilli kifayət qədər orta məktəblər var". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Ağasəlim Həsənov deyib.

O, bu məktəblərin mövcudluğunu Azərbaycan Respublikası üçün ideoloji baxımdan əslində çox təhlükəli hesab edib: "Ona görə ki, hər bir xalqın öz milli-mənəvi dəyərləri, ədəbiyyatı, tarixi var. Həm də öz dilində təhsil almaq bir şəxsiyyətin öz milli kimliyini dərketmə baxımından ən əhəmiyyətli amillərdən biridir, bəlkə də, birincisidir.

Hesab edirəm ki, Azərbaycanda, ümumiyyətlə, rusdilli məktəblərə yeni tədris ilindən qəbul dayandırılsın. Yəni tədricən orta məktəb səviyyəsində rusdilli məktəblərin ləğv olunmağa doğru, hətta tədricən addımlar atılması zəruridir. Bunu olduqca zəruri hesab edirəm. Şəxsiyyətin milli kimliyinin formalaşması, onu dərk etməsi əvvəl öz ana dilində tədris alması, ana dilində düşünməsindən keçir. Dil məsələləri linqvistik problemlər çox ciddi elmi araşdırmalar tələb edir. Bu, təkcə dilin quruluşundan, morfologiyasından, leksikasından ibarət deyil. Dil həm də fəlsəfi problemdir. Dil düşüncə ilə bağlıdır. Dil bir toplumun, millətin mövcudluğunun əsas göstəricilərindən biridir. O səbəbdən də niyə Azərbaycanda rus dilində kifayət qədər sayda məktəblər olmalıdır? Düşünürəm ki, bunu dayandırmaq lazımdır. Azərbaycanda rusdilli orta məktəbləri ləğv etmək lazımdır.

Universitet təhsili haqqında eyni fikri söyləyə bilmərəm. Orta məktəbi bitirdikdən sonra bir ali təhsil müəssisəsində gənc istədiyi xarici dildə təhsil ala bilər. Bu, universitetlər üçün normal haldır. Amma orta məktəb səviyyəsində mütləq şəkildə tədris Azərbaycan dilində olmalıdır, rusdilli məktəblərin isə ləğv olunması istiqamətində ciddi tədbirlər görülməlidir. Azərbaycanda universitetlər səviyyəsində də Rusiyaya bağlılığı ilə seçilən ali təhsil müəssisələri var. Onların da fəaliyyəti, təbii ki, icraedici orqan olan Təhsil Nazirliyinin nəzarətindədir. Düşünürəm ki, gələcəkdə də bu barədə müəyyən addımlar atıla bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə