AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə edilib - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan SİA-ya bildirilib ki, iclası akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Tədbirdə müzakirə edilən birinci məsələ Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “AMEA-nın Tədbirlər planı”nın təsdiq edilməsi haqqında olub. Qeyd edilib ki, Humanitar və İctimai Elmlər bölmələrinə AMEA-nın tədbirlər planının hazırlanması üçün müvafiq təkliflərini Rəyasət Heyətinə təqdim etmələri tapşırılıb. Akademik İsa Həbibbəyli təqdim olunan təkliflərin Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi tərəfindən sistemləşdirilərək AMEA-nın tədbirlər planının layihəsinin hazırlandığını və bu gün iclasda müzakirəyə çıxarıldığını söyləyib.

Tədbirlər planında “Rəqəmsal dövrdə suverenlik: süni intellekt və kiberməkanın dövlətlərə təsiri”, “Azərbaycan incəsənətində Konstitusiya və suverenlik mövzusu”, “Konstitusiya və ana dilimiz”, “Heydər Əliyev və Azərbaycan Konstitusiyası”, “Suverenlik və müstəqillik ideyalarının Azərbaycan ədəbiyyatında əksi”, “44 günlük Vətən müharibəsindən suverenliyin bərpasınadək”, “Azərbaycan dövlətçiliyi klassik əlyazma mətnlərində”, “Azərbaycan arxeologiyası “Konstitusiya və Suverenlik İli”ndə: nailiyyətlər və perspektivlər”, “Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin siyasi, sosial-iqtisadi və mədəni inkişafının hüquqi əsası” və s. mövzularda elmi konfransların, seminarların, dəyirmi masaların keçirilməsi, eləcə də bir sıra monoqrafik nəşrlərin hazırlanması yer alıb.

Müzakirələrdən sonra “Konstitusiya və Suverenlik İli” ilə bağlı AMEA-nın tədbirlər planı təsdiqlənib.

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamı və AMEA-nın qarşısında duran vəzifələr barədə olub.

İclasda “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və AMEA-nın qarşısında duran vəzifələr də müzakirə edilib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturasını təqdim edib və sözügedən sənəd Rəyasət Heyəti tərəfindən təsdiq olunub.

Həmçinin “AMEA-nın və əhatə etdiyi elm sahələri üzrə elm və təhsil müəssisələrinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” haqqında geniş müzakirələr aparılıb.

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri hesabatların hazırlanmasına dair akademiya rəhbərliyinin qoyduğu tələblərə dair məlumat verib.

İclasda AMEA-nın və əhatə etdiyi elm sahələri üzrə elm və təhsil müəssisələrinin gələcəkdə təqdim edəcəkləri mühüm elmi nəticələrin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi məqsədilə akademik İsa Həbibbəylinin sədrliyilə komissiya yaradılıb.

Həmçinin “AMEA-nın və əhatə etdiyi elm sahələri üzrə elm və təhsil müəssisələrinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” çapa tövsiyə olunub. Bundan əlavə, AMEA “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Qeyd olunan məsələlər ətrafında akademiklər Rasim Əliquliyev, Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, tarix elmləri doktoru Zemfira Hacıyeva, professor İlham Məmmədzadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə