“Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində müşahidə olunan acınacaqlı vəziyyət, təhsil müəssisələrinin infrastruktur problemlərini və təhsili idarə edən qurumların fəaliyyətindəki çatışmazlıqları bir daha gündəmə gətirir. Məktəbin daxilində xoruzların sərbəst dolaşması və həyətində qoyunların otlaması kimi hallar, təhsil ocağının baxımsızlığını və yararsız vəziyyətdə olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində müəyyən addımlar atılsa da, regionlarda hələ də ciddi problemlər mövcuddur. Məsələn, son illərdə ölkə üzrə 3000-dən çox məktəb tikilib və ya əsaslı təmir edilsə də, bu tədbirlər bütün təhsil müəssisələrini əhatə etmir. Xüsusilə, kənd yerlərində yerləşən məktəblər diqqətdən kənarda qalır.
Regionlarda təhsili idarə edən qurumların, o cümlədən regional təhsil idarələrinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Onların vəzifəsi təhsil müəssisələrinin vəziyyətini nəzarətdə saxlamaq və problemləri vaxtında həll etmək olsa da, bəzi hallarda bu funksiyalar yetərincə yerinə yetirilmir. Nəticədə, Sarxanbəyli kənd tam orta məktəbi kimi təhsil ocaqları baxımsız qalır və şagirdlər yararsız şəraitdə təhsil almağa məcbur olurlar.
Bu cür halların qarşısını almaq üçün təhsili idarə edən qurumların fəaliyyətində şəffaflıq və hesabatlılıq artırılmalı, regionlarda təhsil müəssisələrinin vəziyyəti mütəmadi olaraq monitorinq edilməlidir. Eyni zamanda, yerli icmalar və valideynlər məktəblərin vəziyyətinə daha çox diqqət yetirməli, onların saxlanmasına və qorunmasına dəstək olmalıdırlar. Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət ayırmalı və belə halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə