Süni intellektin tətbiqinə dair tədqiqatlar aparılacaq

Müasir dövrdə dövlət idarəçiliyinin effektivliyinin artırılması məqsədilə elektron idarəetmə sistemlərindən geniş istifadə olunur. Süni intellektin tətbiqi bu sistemlərin daha dinamik, şəffaf və səmərəli fəaliyyət göstərməsinə imkan yaradır. Eyni zamanda, elektron idarəetmə platformalarının süni intellekt vasitəsilə təkmilləşdirilməsi elektron xidmətlərin daha sürətli və əlçatan olmasını təmin edir. SİA xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Elektron idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlara həsr olunmuş elmi seminarda məlumat verilib. Mövzuya dair institutun böyük elmi işçisi Günay İskəndərli çıxış edərək qeyd edib ki, tədqiqat işinin əsas məqsədi süni intellekt texnologiyalarının tətbiqi ilə e-idarəetmə proseslərini optimallaşdırmaq, vətəndaş məmnunluğunu artırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və şəffaflığı təmin etmək üçün yeni metod və alqoritmlərin işlənilməsidir.

Mövzunun aktuallığından bəhs edən G.İskəndərli bildirib ki, süni intellektin tətbiqi ilə idarəetmə və xidmət proseslərində insan səhvləri azalır, bu da xidmətlərin dəqiq və vaxtında təqdim olunmasına gətirib çıxarır. Elektron idarəetmə sistemləri vasitəsilə toplanılan böyük həcmli məlumatların (Big data) analizi və idarə olunmasında süni intellekt metodlarının tətbiqi geniş imkanlar təqdim edir.

“Süni intellekt vasitəsilə vətəndaşların fərdi tələbatlarına uyğun xidmətlər təqdim etmək mümkündür”, – deyən məruzəçi süni intellekt sistemlərinin istifadəçilərin məlumatlarını təhlil edərək onların ehtiyaclarına uyğun həllər təklif etdiyini deyib.

Sonra tədqiqatçı dissertasiya işində qarşıya qoyulmuş məsələlərdən danışıb. O, tədqiqat işi çərçivəsində e-idarəetmə sistemlərində müraciət və şikayətlərin avtomatik emalı üçün təkmilləşdirilmiş modellərin işlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələyə həsr olunduğunu, vətəndaşların elektron xidmətlərdən istifadə məmnuniyyətinin qiymətləndirilməsi istiqamətində mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə