Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq, kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul müsabiqəsi üçün test imtahanı keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, test imtahanına ötən il dekabrın 3-dən 20-dək elan olunan sənəd qəbulunda iştirak edən 89 namizəddən 77-si qatılıb. Müsabiqədə hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid hər birindən 5 olmaqla, ümumilikdə, 40 test tapşırığı təqdim olunub. Sualların cavablandırılması üçün 80 dəqiqə vaxt ayrılıb. Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
Qeyd edək ki, müsabiqəyə muxtar respublikanın ümumtəhsil müəssisələrindən psixoloq vəzifəsi üzrə 50, kitabxana müdiri və kitabxanaçı vəzifəsi üzrə isə 25 vakant vəzifə çıxarılıb. Müsabiqənin nəticələri ilə bağlı məlumat yaxın saatlarda nazirliyin sosial şəbəkə hesablarında elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə