“Hədəfdə STEAM – 7”: təhsildə yeniliklər və texnologiyanın zəfəri! - FOTOLAR

Yanvarın 27-də Hədəf STEAM Liseyində Beynəlxalq “Hədəfdə STEAM – 7” təlim-treninqi keçirilib. Hədəf STEAM Liseyi və “Robotzade” Türkiyənin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, EduHek Konsaltinq, ELTA Beynəlxalq İngilis Dili İmtahan Mərkəzi və Hədəf Global tərəfdaşlığı və eyni zamanda 200-ə yaxın müəllim heyəti və təhsil işçilərinin iştirakı ilə “Hədəfdə STEAM – 7” beynəlxalq interaktiv təlim-treninqi baş tutub. SİA xəbər verir ki, liseydən verilən xəbərə görə, genişmiqyaslı təhsil, texnologiya və innovasiya sahəsində ən son trendləri öyrənmək üçün təşkil olunan tədbirdə həm Azərbaycan, həm də beynəlxalq mütəxəssislərin iştirakı ilə STEAM metodunun incəlikləri, texnoloji yeniliklər və təhsildə innovativ yanaşmalar müzakirə edilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Moderator Nərmin Səlimova təlim-treninqin əsas vəzifələri, qarşısına qoyduğu məqsədlər haqqında məlumat verəndən sonra Hədəf Şirkətlər Qrupunun baş direktoru və Hədəfdə STEAM layihəsinin rəhbəri Şəmil Sadiq, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, “Educo group”un ortaq icraçı direktoru Kadir Özer, Qazaxıstan və Qırğızıstan nümayəndələri olan Nurbolat Nyşanbayev və Akınbek Ergeşov çıxış edib, “Hədəfdə STEAM – 7” layihəsinin əhəmiyyətindən danışıb, dünyadakı müasir çağırışlardan söz açıblar.

Təhsil sahəsində STEAM metodunun müasir dövrün tələblərinə uyğun tətbiqi və XXI əsrin bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulan bu tədbirdə yerli və beynəlxalq mütəxəssislərin maraqlı çıxışları, innovativ yanaşmaları və praktiki dərsləri təqdim olunub.

STEAM metodu, bu metodun Azərbaycan, eləcə də Türkiyədə, Qırğızıstanda, Qazaxıstandan tətbiqi, perspektivləri, faydaları, təhsildə süni intellekt və müasir texnologiyaların tədris prosesinə təsiri, teleportasiya maşını, elmin, texnologiyanın sərhədlərini genişləndirən yeni yanaşmalar, təhsil blokları təqdim edilib. Sözügedən təlimlər 5 əsas bloka bölünüb: Junior, ICT, Nature, humanitar və xarici dillər. Tədbirdə Hədəf Liseyinin 61 müəlliminin iştirakı ilə ümumilikdə 60 dərs təşkil edilib. Həmçinin adı çəkilən xarici ölkələrən ümumilikdə 50 nəfər təhsil işçisi iştirak edib.

Təlim-treninqdə süni intellektin təhsildə inqilabi rolu, tətbiqi, STEAM metodunun tədris proqramlarına effektiv inteqrasiyası, bu layihələrin real faydaları, uğurlu tətbiq nümunələri, elm və texnologiyada gələcək trendlər öyrədilib. Müəllim və şagirdlərin hazırladıqları 3D modellər, resurslar və ekoloji mövzulara dair kompozisiyalar təqdim edilib.

“STEAM Azərbaycan” öz layihələrini təqdim edərək sahibkarlıq və texnologiya mövzularında dəyərli məlumatlar verib.

STEAM konseptinə ART əlavə etməklə milli adət-ənənələrimizi və qədim sənət nümunələrini qorumaq təşviq olunub.

Şəkinin şəbəkə ustası Tofiq Rəsulov da tədbirdə iştirak edib. Onun tarix dərsində fənn müəllimi ilə birgə iştirakı təmin olunub. Tədbir zamanı şagirdlərin asudə vaxtlarında kitab oxumaq, şahmat oynamaq və ox atmaq kimi fəaliyyətlərinə qoşulmaq imkanı yaradılıb.

Tədbirin əsas məruzəçiləri və mövzuları aşağıdakılardır:

– ADPU STEAM Mərkəzinin rəhbəri, dosent Arzu Daşdəmirov – “STEAM metodunun orta məktəb kurikulumlarına inteqrasiyası”;

– ASAN xidmətin sədr müavini, rəqəmsal və innovasiyalar üzrə ekspert Ceyhun Salmanov – “Təhsildə süni zəka”;

– Oş Dövlət Universitetinin dekanı, professor Çinarə Kulueva – “Qırğızıstanda STEM təhsilinin əsas çağırışları və perspektivləri”;

– Türkiyə Robotzadə şirkətnin mütəxəssisi STEM və innovasiya mentoru Ahmed Bahadır Özdemir – “Teleportasiya maşını necə hazırlanır?”;

– Qazaxıstanın Merkan rayonu Jambıl vilayətinin “Şabıt” Məhdud Məsuliyyətli Tərəfdaşlıq məktəbinin direktoru Nurgül Tolenovna Şulakova – “Özəl məktəblərdə STEM dərslərinin keçirilməsinin xüsusiyyətləri”;

– “SERCE Akademi” Rəqəmsal Təhsil Platformasının qurucusu Mert Doğan – “STEM çalışmaları və faydaları”.

İki günlük Təlim-treninqin əsas məqsədi təhsil sahəsində yeni yanaşmalarla müəllimlərin bilik və bacarıqlarını artırmaq, elm və texnologiya sahəsindəki yeniliklərdən ilham almaqdır.

Təlim-seminarların ardınca iştirakçılar öz ixtisas fənləri üzrə qruplara bölünüblər. Beləcə, müəyyən olunan bloklar üzrə təlimlər keçirilib, fərqli metodlarla dərs nümunələri izah olunub.

Sonda iştirakçılar sertifikatla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə