Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA xəbər verir ki, əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2024-cü il ərzində əldə edilən nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, sərgi Yer Elmləri Bölməsinin, Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2024-cü ildə əldə etdiyi uğurları görməyə əsas verir və Azərbaycan elminin inkişaf səviyyəsini göstərir. Sərgidə nümayiş etdirilən yeniliklər barədə məlumat verən akademik İsa Həbibbəyli cari ildə Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının Q1 kvartilli jurnallarda 4 məqaləsinin işıq üzü görməsinin böyük nailiyyət olduğunu söyləyib. Eyni zamanda, Coğrafiya İnstitutunda iqtisadi coğrafiyaya dair aparılan tədqiqatların Azərbaycan dövlətinin maraqlarını ifadə etdiyini bildirib. Neft və Qaz İnstitutunda qaz vulkanlarına dair fundamental monoqrafiyanın çapdan çıxdığını diqqətə çatdırıb. Həmçinin Təbiət Tarixi Muzeyinin Xəzər dənizinin canlı orqanizmlərinə dair mühüm tədqiqatlar apardığını söyləyib. Geologiya və Geofizika İnstitutunda isə akademik Akif Əlizadənin rəhbərliyində ölkəmizdə geoloji və geofiziki tədqiqatlar aparılaraq mühüm nailiyyətlər qazanıldığını bildirib.
Eyni zamanda, sərgidə Şəki Regional Elmi Mərkəzində ipəkçilikdən alınan maddələrin ilk dəfə nümayiş etdirildiyi, ötən il ilk dəfə Mərkəz tərəfindən regionda arxeoloji qazıntılar aparılaraq mühüm nəticələr əldə olunduğu və bu gün ictimaiyyətə təqdim edildiyi vurğulanıb. AMEA rəhbəri bu nailiyyətlərin regionlarımızda da elmin inkişafının göstəricisi olduğunu deyib.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirəyə çıxarılan ilk məsələ “2025-2030-cu illər üzrə Azərbaycan Milli Elmlər Akademiyasının İnkişaf Konsepsiyası və Yol Xəritəsi” haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üçün işçi qrupu yaradılıb və AMEA-nın elmi müəssisə və təşkilatlarına təkliflərini təqdim etmələri tapşırılıb. AMEA prezidenti ötən müddət ərzində müəssisələr tərəfindən təkliflərin hazırlanaraq işçi qrupuna təqdim edildiyini söyləyib. Diqqətə çatdırıb ki, təqdim olunmuş təkliflər özünün iştirakı ilə işçi qrupunda geniş müzakirə edilib, müəyyən dəyişikliklər tövsiyə olunub. Akademik İsa Həbibbəyli “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin Azərbaycan dövlətinin maraqları və müasir dünya elminin çağırışları nəzərə alınaraq hazırlanmaqda olduğunu bildirib.
İclasda “AMEA-nın 2025-2030-cu illər üçün İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması üçün təqdim olunmuş təkliflər təsdiqlənib.
Həmçinin iclasda AMEA Rəyasət Heyətinin 2025-ci il üzrə İş planı və Azərbaycan Milli Elmlər Akademiyasında 2025-ci ildə keçiriləcək elmi və elmi-təşkilati tədbirlərin planı təsdiqlənib.
Sonra AMEA-nın Yer Elmləri Bölməsi, Respublika Seysmoloji Xidmət Mərkəzi və Şəki REM-in 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təqdim edilib.
İclasda təqdim olunan hesabatlar ətrafında Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Vasif Babazadə, “AzərGold” QSC-nin müşaviri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev, Coğrafiya İnstitutunun icraçı direktoru coğrafiya üzrə fəlsəfə doktoru Zaur İmrani, şöbə müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev və böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Elnur Səfərov çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2024-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, Şəki REM-in və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
Həmçinin iclasda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ildə 2 dəfə nəşr olunmaqla “Elmi əsərləri” jurnalının təsis edilməsi haqqında qərar qəbul edilib.
İclasda 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin nəticələri elan olunub. Sonda akademik İsa Həbibbəyli AMEA-nın 80 illik yubileyinə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə