UNEC “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinə qoşulub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərləri və əməkdaşları, eləcə də VISA və Kapital Bankın nümayəndələri ilə görüş keçirilib. Görüşün məqsədi UNEC-də “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin reallaşdırılması olub.

Rektor professor Ədalət Muradov qonaqları salamlayaraq, “UNEC” brendinin yaradılması, tələbə məmnuniyyətinin təmin olunması, eləcə də müəllim və tələbələrin ingilis dili bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətlərində görülmüş işlərdən danışıb. Rektor 2015-ci ildən təsdiqlənmiş “UNEC” brendinin dünyanın bir çox ölkələrində tanındığını diqqətə çatdıraraq, bu istiqamətdə qarşıda duran hədəflərdən bəhs edib. Həmçinin UNEC-də APTİS imtahanlarında bütün bacarıqlar üzrə “C” və IELTS nəticəsi 8.0 olan ingilis dili müəllimlərinin əmək haqlarının 15 faiz, 8.5 olanların isə 30 faiz artırıldığını bildirib. Prof.Ədalət Muradov IELTS nəticəsi 7.0 və daha yuxarı olan tələbələrin isə XDİAK fənlərindən azad olaraq, 100 balla qiymətləndirildiklərini diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov UNEC-də həyata keçirilən yeniliklərin təhsil ictimaiyyətini sevindirdiyini bildirərək, Fondun təhsilin inkişafına yönəlmiş proqramlarından, o cümlədən “TələbəPlus” və “IELTS imtahanına təşviq” layihələrinin önəmindən bəhs edib. O, “TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində olan muzey və teatrlarda, eləcə də alış-veriş və iaşə obyektlərində tələbələrin güzəştlər əldə edə biləcəyini və gələcəkdə bu siyahının daha da genişləndiriləcəyini qeyd edib.

“IELTS imtahanına təşviq” layihəsindən söz açan TİF sədri bildirib ki, layihə elmi-pedaqoji heyətin və təhsilalanların ingilis dili biliklərinin artırılmasını təşviq etmək məqsədilə reallaşdırlılır. UNEC-in müəllim və tələbələri 6.5 və daha yüksək IELTS nəticəsi əldə etdikləri halda, onların ödənişlərinin geri qaytarılması Fond tərəfindən təmin ediləcək.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov “IELTS imtahanına təşviq” layihəsinin əhəmiyyətindən söz açıb. Tələbələrin xarici dil biliklərinin olmasının onların beynəlxalq akademik mühitdə daha rahat fəaliyyət göstərmələrinə imkan yaratdığını, eləcə də IELTS sertifikatı qazanmış gənclərin yerli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli kadrlar ola biləcəyini diqqətə çatdırıb.

Sonra digər iştirakçılar layihələrin əhəmiyyətindən söz açaraq, əməkdaşlığın uğurlu olacağına əminliklərini bildiriblər.

Çıxışlardan sonra “Tələbə Plus” və “IELTS imtahanına təşviq” layihələri çərçivəsində ikitərəfli və üçtərəfli birgə əməkdaşlıq müqavilələri imzalanıb.

Müqavilədə universitetə aid əmtəə nişanından ali təhsil ocağının müəyyən etdiyi şərtlər əsasında Təhsilin İnkişafı Fondu tərəfindən istifadənin tənzimlənməsi də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə