“Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qrafiklərə əsasən, mart ayının 2-si və 9-da 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Bu tarixlər həm abituriyentlər, həm də onların valideynləri üçün önəmli dönəmi əhatə edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, imtahanın vaxtının mart ayına təyin edilməsi abituriyentlərə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq üçün əlavə vaxt qazanmaq imkanı yaratsa da, onların buraxılış imtahanına qədər mövcud proqramı tam mənimsəmələrini tələb edir: “Əvvəlki illərin təcrübəsinə əsasən, şagirdlərin hazırlıq səviyyəsi, imtahan suallarının məzmunu və DİM-in tətbiq etdiyi yeniliklər nəticələrin formalaşmasında mühüm rol oynayacaq. Ötən il buraxılış imtahanlarında 30 bal toplayan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə yüksək idi. Statistikaya əsasən, 2023-cü ildə I-IV qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 2,500-ə yaxın olmuşdu ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır. Bu artımın səbəblərindən biri sualların məzmununun müəyyən qədər sadələşdirilməsi, pandemiyadan sonra şagirdlərin hazırlıq üçün daha çox vaxt tapması və distant təhsilin yaratdığı boşluqları qismən doldura bilməsidir. Ancaq bu il gözləntilər daha fərqlidir”.
Kamran Əsədov sözlərinə belə davam edib: “Bu ilki 11-ci sinif şagirdləri iki il əvvəl, 9-cu sinifdə oxuyarkən buraxılış imtahanı veriblər. O dövrdə pandemiyanın təsiri ilə distant təhsil sistemi tətbiq olunurdu. Bu vəziyyət onların tədris proqramını tam şəkildə mənimsəməsinə mane olmuş, müəyyən bilik boşluqları yaratmışdı. Bu boşluqların bəziləri son iki ildə qismən doldurulsa da, onların tam aradan qaldırıldığını demək çətindir. İmtahanlarda analitik düşüncə tələb edən sualların sayının artması halında şagirdlərin çətinliklərlə üzləşməsi ehtimalı yüksəkdir.
DİM-in 2025-ci il üçün proqnozlaşdırılan imtahan siyasətini nəzərə alsaq, imtahan suallarının çətinlik səviyyəsinin artırılacağı gözlənilir. Bu, ilk növbədə qəbul imtahanlarında bilik və bacarıqların daha dəqiq ölçülməsinə xidmət edir. Təcrübə göstərir ki, çətin suallar təqdim edilən illərdə yüksək nəticələr toplayan abituriyentlərin sayı azalır. Bununla belə, hazırda hazırlıq kursları və fərdi dərslərin artması, şagirdlərin təhsilə daha ciddi yanaşması və test bazalarının daha əlçatan olması nəticələrə müsbət təsir edə bilər.
Proqnozlara gəlincə, 2025-cü ildə 300 bal toplayanların sayında kiçik azalma müşahidə oluna bilər. Bunun səbəbi buraxılış imtahanlarının daha çox analitik düşüncə tələb etməsidir. Lakin 600-dən yuxarı bal toplayanların sayında ciddi dəyişiklik olmayacağı ehtimal olunur, çünki yüksək nəticə göstərən abituriyentlər əsasən əlavə hazırlıq prosesi keçirlər və sualların çətinlik dərəcəsinə adaptasiya olunurlar.
Abituriyentlərə hazırlaşmaq üçün tövsiyələr vermək bu mərhələdə olduqca vacibdir. Birincisi, abituriyentlərə keçmiş illərin imtahan testlərini mütəmadi olaraq işləmək tövsiyə edilir. Bu, onları test formatı ilə tanış edir və öz zəif tərəflərini müəyyən etməyə imkan yaradır. İkincisi, buraxılış imtahanı suallarında analitik düşüncə tələb edən tapşırıqlar üstünlük təşkil etdiyi üçün məntiqi yanaşma və analitik düşüncə üzərində işləmək önəmlidir. Üçüncüsü, zaman idarəetməsi bacarığının təkmilləşdirilməsi üçün müntəzəm olaraq sınaq testləri həll edilməli, imtahan şəraiti simulyasiya edilməlidir.
Psixoloji hazırlıq məsələsinə də diqqət yetirmək vacibdir. İmtahan həyəcanı və stres nəticələrin aşağı düşməsinə səbəb ola bilər. Valideynlər bu məsələdə şagirdləri dəstəkləməli, onları motivasiya etməli, eyni zamanda təzyiq göstərməməlidirlər. İmtahanın yalnız bir mərhələ olduğunu, həyatda uğurun başqa yollarla da əldə edilə biləcəyini vurğulamaq, abituriyentlərə arxayınlıq verə bilər.
Ümumilikdə, bu il buraxılış imtahanlarının nəticələri abituriyentlərin hazırlıq səviyyəsi, testlərin məzmunu və çətinlik dərəcəsi, həmçinin imtahan öncəsi motivasiya və dəstəkdən asılı olacaq. Əgər şagirdlər düzgün plan qurub mövcud resurslardan maksimum istifadə etsələr, yüksək nəticə əldə etmək mümkündür. Lakin bu ilki məzmunun tələbkarlığını nəzərə alaraq, abituriyentlərin biliklərinin real dəyərləndirilməsi üçün daha ciddi hazırlıq tələb olunacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə