İqtisadiyyat İnstitutu İstanbul Ticarət Universiteti ilə əməkdaşlıq edəcək

Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun baş meneceri Şakir Alıyev, İnklüziv sosial inkişaf şöbəsinin müdiri iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayeva və İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri dosent Allahyar Muradov Türkiyə Respublikasında və Şimal Kipr Türk Respublikasında olublar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib. Elmi heyət Türkiyənin İzmir şəhərində Ege Universitetində, Türk Dünyası Araşdırmalar Mərkəzində olub. Görüşdə Mərkəzin sədri professor Nadim Macit, Ege Universitetinin professor-müəllim heyəti iştirak edib. Görüş zamanı türk dövlətləri arasında elmi əməkdaşlığın gücləndirilməsi, Mərkəzlə gələcək əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.

Elmi heyət Şimal Kipr Türk Respublikasında də bir sıra görüşlər keçirib. İqtisadiyyat İnstitutunun əməkdaşları, həmçinin Şimal Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşüblər.

İstanbul Ticarət Universitetində keçirilən görüşdə bu universitetin rektoru professor Nəcip Şimşək, professor Elçin Aykaç, professor Abdulla Avey və başqaları iştirak ediblər. Görüş zamanı birgə tədqiqatların aparılması, doktorantura təhsili üzrə tələbə mübadiləsi, təlimlər keçirilməsi, elmi konfransların təşkili və s. məsələlər müzakirə olunub. İstanbul Ticarət Universiteti ilə ETN İqtisadiyyat İnstitutu arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə