AMEA “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təkmilləşdirilməsi üçün təkliflər hazırlayacaq
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təkmilləşdirilməsi üçün təkliflər hazırlayacaq. SİA xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında akademiyanın aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verilib.
Qeyd edilib ki, son dövrlər dünya elmində baş verən sürətli dəyişikliklər, İKT-nin, süni intellekt texnologiyalarının, multidissiplinar və transdissiplinar tədqiqatların inkişafı, əmək bazarının tələblərinin dəyişməsi və s. nəzərə alınmaqla, digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, elmi müəssisələrdə doktorantların iş planlarının yerinə yetirilməsinə nəzarətin ciddiləşdirilməsi, doktorant və dissertantlara elmmetrik bilik və səriştələrin aşılanması üçün tədbirlərin həyata keçirilməsi və s. məsələlərlə bağlı müvafiq qərar qəbul edilib, Akademiyanın aidiyyəti qurumlarına tapşırıqlar verilib.
Həmçinin, vurğulanıb ki, doktorantura təhsil səviyyəsində, dünya təcrübəsi nəzərə alınmaqla, yüksəkixtisaslı elmi kadrların hazırlanması prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dissertasiya mövzularının müəyyənləşdirilməsində tədqiq olunan elmi problemin elmilik, obyektivlik, aktuallıq (ölkənin real sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə bağlı tələbatların həllinə yönəlməsi) və əhəmiyyətlilik (həm milli maraqlar, həm də beynəlxalq çağırışlar baxımından tətbiq imkanlarının olması) kimi meyarları nəzərə alınmaq şərtilə elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar üçün elmi müəssisələrdə mövzular bankının yaradılması vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə