Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Rus dili və ədəbiyyatı kafedrasının açılışı olub.
SİA-nın məlumatına görə, ADU-dan bildirilib ki, tədbirdə rektor Kamal Abdulla Rus dili və ədəbiyyatı kafedrasının universitetin həm tələbələri, həm də müəllimləri üçün mühüm elmi əhəmiyyət kəsb etdiyini bildirib. O deyib ki, bu kafedra Azərbaycanla Rusiya arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə verilən növbəti elmi töhfədir.
“İnanıram ki, həm tələbələrimiz, həm də müəllimlərimiz kafedranın elmi, pedaqoji imkanlarından səmərəli şəkildə yararlanmaqla, öz elmi biliklərini və dünyagörüşlərini artırmış olacaqlar. Bu da sevindirici haldır. Belə ki, yeni elmi araşdırmalar, müasir ədəbiyyat nümunələri ilə tanış olmaq baxımından rus dili olduqca zəngin imkanlara malikdir”, - deyə rektor vurğulayıb.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov ADU kollektivinə və rəhbərliyinə səmimi sözlərə və qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, ADU-da fəaliyyətə başlayan Rus dili və ədəbiyyatı kafedrası iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinə öz müsbət təsirini göstərəcək.
Bildirilib ki, ADU-nun geniş elmi bazaya və yüksək hazırlıqlı peşəkar kadrlara sahib olması, onun beynəlxalq nüfuzunun artmasına səbəb olub.
Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov bildirib ki, kafedra iki ölkə arasında elmi, mədəni mübadilənin gücünü və imkanlarını artırmaq baxımında çox önəmlidir. Bu mənada ADU-da yaradılan şərait həm tələbələr, həm də müəllimlər üçün geniş elmi imkanlara yol açır.
Açılış mərasimində qonaqlara və tədbir iştirakçılarına Rusiya mədəniyyət nümayəndələri tərəfindən milli musiqi nümunələri təqdim olunub.
ADU tələbələri “Moskva axşamları” adlı mahnını ifa ediblər.
Daha sonra qonaqlar və ADU rəhbərliyi universitetdə yeni fəaliyyətə başlayan İnklüziv Təhsil Mərkəzi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə