Dekabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şuşa – İslam mədəniyyətinin paytaxtı” mövzusunda elmi seminar keçirilib.
SİA-nın məlumatına görə, bu barədə Şərqşünaslıq İnstitutundan məlumat verilib.
İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü çıxışında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” olması çərçivəsində elmi müəssisədə keçirilmiş tədbirlərdən, nəşr edilmiş kitablardan danışıb.
Seminarda Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev məruzəsində İslam mədəniyyətinin mühüm bir qolunu yazılı abidələrin təşkil etdiyini deyərək Şuşada tədqiq etdiyi epiqrafik abidələrdən söz açıb.
Məruzədə, həmçinin 1905-1906-cı illərdə erməni silahlılarının Azərbaycanın müxtəlif şəhər və bölgələrində dinc müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlardan söhbət açılıb, bu soyqırımların baş verdiyi şəhərlərdən birinin də Şuşa olduğu qeyd edilib.
Elnur Mustafayev Şuşada aşkarladığı epiqrafik abidələrdə bu dəhşətli cinayətlərin əks olunduğunu bildirib. Diqqətə çatdırıb ki, epiqrafik abidələr, ümumilikdə maddi-mədəni irs nümunələri aid olduğu ərazinin və orada yaşayan əhalinin tarixini, eyni zamanda, onların həmin ərazilərdə mövcudluğunu isbat edir. Bununla yanaşı, daş kitabələr dövrünün milli, dini, mədəni, ictimai düşüncə tərzini, həmçinin cərəyan edən hadisələri öyrənmək üçün ən yaxşı vasitələrdən biridir.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə