Tarixi Azərbaycan ərazisi Alban mədəni irsinə aid abidələrlə zəngindir - FOTOLAR

Tarixi Azərbaycan ərazisi Alban mədəni irsinə aid abidələrlə zəngindir və bu istiqamətdə arxeoloji tədqiqatlar XX əsrin birinci yarısından başlanaraq müntəzəm olaraq həyata keçirilib. SİA xəbər verir ki, bu fikirləri AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti elmi seminarında “Qafqaz Albaniyasının tarixi-mədəni irsi arxeoloji tədqiqatlarda” mövzusunda məruzə edən Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Natiq Alışov bildirib.

Məruzəçi 2017-2021-ci illərdə Balakən rayonu ərazisində yerləşən Tülü məbədində apardığı arxeoloji tədqiqatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmin ərazidə çoxtəbəqəli memarlıq nümunələrinin və nekropolun kompleks araşdırmalara cəlb edildiyini və mühüm elmi nəticələrin əldə olunduğunu bildirib.

Məruzəçi Xocavənd rayonu ərazisində yerləşən “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda apardığı arxeoloji kəşfiyyat işlərindən də bəhs edərək, mövcud irs nümunələrində həyata keçirilmiş tədqiqatları iştirakçıların diqqətinə çatdırıb.

İşğal dönəmində Alban irs nümunələrində aparılmış qeyri-qanuni tədqiqatlardan danışan Natiq Alışov bildirib ki, ərazidəki mədəni qatlara əsasən burada məskunlaşma tarixi ilkin olaraq Son Tunc və İlk Dəmir dövründən formalaşıb. O, həmçinin Qəbələ rayonu Kilsədağ məbəd kompleksində aparılmış tədqiqatlardan bəhs edib. Əmili kəndi ərazisində yerləşən dairəvi məbəddə aparılan son tədqiqat işlərini diqqətə çatdıran məruzəçi vurğulayıb ki, Kilsədağ məbədi yalnız dairəvi formalı kompleksdən ibarət olmayıb, ərazidə həmdövr digər ictimai tikili qalıqları, eləcə də mühafizə divarları və bürc yeri qeydə alınıb.

Alimin sözlərinə görə, 2024-cü ildə Xocavənd rayonu Hadrut qəsəbəsi və Çinarlı kəndi ərazisində də ilkin arxeoloji tədqiqatlara başlanılıb. Çinarlı kəndindəki Alban məbədi ətrafında aparılmış əsaslı qazıntılar nəticəsində ilk orta əsrlər memarlığına aid məbədin bünövrə yerləri izlənilib. Aşkar olunan məbəd qalığının dinin ibadətə cəlb edilmiş karst mağaraları üzərində yerləşdiyi qeydə alınıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Müzakirələrdə akademiklər Gövhər Baxşəliyeva və Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, İctimai Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri professor Qasım Hacıyev, Tarix və Etnologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Samirə Hadıyeva iştirak ediblər.

Çıxışlarda Qafqaz Albaniyası ilə bağlı peşəkar mütəxəssislərin hazırlanmasının zəruriliyi qeyd edilib. Vurğulanıb ki, albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində mühüm problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir. Bu baxımdan müxtəlif sahələrdə çalışan tədqiqatçıların iştirakı ilə Qafqaz Albaniyasına dair daha sistemli şəkildə kompleks tədqiqatların aparılmasına ehtiyac var. Həmçinin “erməniləşmiş” abidələrin Azərbaycana məxsusluğu ilə bağlı tarixi faktların beynəlxalq səviyyədə təbliğinin, bu istiqamətdə məqalələrin xarici jurnallarda çap olunmasının vacibliyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə