BDU tələbələri “SOS Uşaq Kəndi”ndə elmi-praktik təcrübədə olublar

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının psixologiya ixtisası üzrə IV kurs tələbələri “SOS Uşaq Kəndi”ndə koqnitiv fəaliyyətin qiymətləndirilməsinə yönəlmiş elmi-praktik təcrübə keçiblər.

SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, BDU-nun SABAH qruplarının müəllimi, eklektik psixoterapiyanın supervayzeri David Poladovun rəhbərliyi ilə təşkil olunan elmi-praktik təcrübə zamanı uşaqların diqqət, yaddaş, problem həlletmə bacarıqları, digər idrak funksiyaları psixometrik və neyropsixoloji testlər vasitəsilə qiymətləndirilib. Bildirilib ki, bu yanaşma uşaqlarda potensial koqnitiv problemlərin erkən aşkarlanmasına və inkişaf strategiyalarının hazırlanmasına zəmin yaradır. Bu, nəzəri bilikləri praktik təcrübə ilə zənginləşdirərək, tələbələrin elmi-tədqiqat sahəsində bacarıqlarını inkişaf etdirməyə imkan verir.

Əldə edilən nəticələr həm “SOS Uşaq Kəndi”ndə yaşayan uşaqların koqnitiv inkişafına yönələn fərdi yanaşmaların təkmilləşdirilməsi, həm də tələbələrin peşəkar sahədə praktiki biliklərinin artırılması baxımından əhəmiyyətli rola malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə