Memorandum çərçivəsində BDU-da TÜRKSOY-la birgə kafedranın yaradılması haqqında razılıq əldə olunub
Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev türkdilli ölkələr arasında əlaqələrin inkişafında TÜRKSOY-un müstəsna xidmətləri olduğunu bildirib. BDU-nun da bu əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu deyən rektor diqqətə çatdırıb ki, imzalanan memorandum türkdilli ölkələr arasında elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirmək, BDU ilə bu ölkələrin akademik əlaqələrini genişləndirmək məqsədi daşıyır.
TÜRSKOY-un Baş katibi Sultan Raev Türk dünyasının ən yaxşı universitetlərindən olan BDU-nun mühüm elm və təhsil məbədi olduğunu deyib. O bildirib ki, BDU ilə əməkdaşlıq türkdilli dövlətlərin elm, təhsil, mədəniyyət əlaqələrinə böyük töhfə verəcək.
Memorandumda Türk dünyasının mədəni və elmi irsi ilə bağlı tədqiqat layihələrinin təşkili, BDU-nun müvafiq fakültələri ilə TÜRKSOY arasında müştərək tədqiqat proqramlarının yaradılması, müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə beynəlxalq və regional elmi tədbirlərin təşkil olunması nəzərdə tutulur. Sənəddə Türk dünyasının mədəniyyət və incəsənət tədbirlərində BDU-nun iştirakı, müştərək sərgilər, folklor festivalları və mədəniyyət günlərinin təşkil olunması, BDU və TÜRKSOY arasında məlumat mübadiləsi üçün platformaların qurulması, türk dillərinin öyrənilməsi və tədrisi üçün müştərək tədris proqramlarının hazırlanması, türk ədəbiyyatı üzrə birgə araşdırmalar və tərcümə layihələrinin həyata keçirilməsi məsələləri də əksini tapıb.
Qeyd edək ki, memorandum çərçivəsində TÜRKSOY-la birgə kafedranın yaradılması haqqında razılıq da əldə olunub.
Sənədi BDU-nun rektoru Elçin Babayev və TÜRKSOY-un Baş katibi Sultan Raev imzalayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə