Rusiya Federasiyası Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun Yazılı İrs Mərkəzinin rəhbəri dosent İlham Qumerov və həmin institutun aparıcı elmi işçisi dosent Azat Axunov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olublar. Ezamiyyətin məqsədi əlyazma mədəniyyət abidələrinin tədqiqi, mühafizəsi və bərpası sahəsində azərbaycanlı mütəxəssislərin təcrübəsinin öyrənilməsi, tatar-Azərbaycan mədəni-tarixi əlaqələrinə dair materialların müəyyən edilməsi olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Əlyazmalar İnstitutundan bildirilib. Qonaqlar öncə institutun direktoru akademik Teymur Kərimli ilə görüşüblər. Qonaqlar tatar ədəbiyyatı və tarixi ilə bağlı institutda qorunub saxlanılan qədim əlyazma nümunələrinin üzərində tədqiqat işləri aparmaq istədiklərini bildiriblər. Onlar, həmçinin gələcəkdə Əlyazmalar İnstitutu ilə Tatarıstan Respublikası Elmlər Akademiyası Dil, Ədəbiyyat və İncəsənət İnstitutu arasında müştərək elmi layihələrin icrasının mümkünlüyünü vurğulayıblar.
Görüşün sonunda A.Axunov müəllifi olduğu “Ət-Təbərinin əsərləri XIII-XIV əsr tatar ədəbiyyatının ən qədim mənbəyi kimi”, İ.Qumerov isə “XVII-XX əsrin əvvəllərində tatar əlyazma və çap kitabları sənətinin formalaşması” kitablarını institut kitabxanasına bağışlayıblar. Akademik Teymur Kərimli isə qonaqlara Əlyazmalar İnstitutunun nəşri olan “Azərbaycan Multidisiplinar əlyazması: Xəzinədən incilər” kitabını hədiyyə edib.
Ezamiyyət müddətində tatarıstanlı alimlər institutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri Raqub Kərimov və Elmi xidmət şöbəsinin müdiri Nailə Mustafayeva ilə görüşüb, araşdırma aparmaları üçün yaradılan müvafiq şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə