“Ali təhsilə baxış dəyişməlidir” - NAZİR

“Azərbaycanda təhsil müzakirələri məişət xarakterli müzakirələrdən çıxarıb təhsil siyasətinə keçirməyə böyük ehtiyac var. Bu isə tək nazirliyin məsuliyyətində deyil, ictimaiyyət də burada maraqlı olmalıdır. Bu mənada forumun əhəmiyyəti böyükdür”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Elm və Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, dünyanın bütün təhsil sistemlərinin oxşar problemləri var: “Müxtəlif ölkələrdə işləyən təhsil nazirlərinin və müəllimlərin ortaq və fərqli problemləri mövcuddur. Bu problemləri birgə müzakirə etmək isə daha tez həll yolu tapmağa imkan verir. Azərbaycan təhsilinin məzmunu son 90 ildir ki, dəyişmir. Bu məzmunu dəyişdirmək inkişafı sürətləndirəcək. Xüsusilə də ali təhsilə baxış dəyişməlidir, ali təhsilə yalnız təhsilin digər pilləsi kimi baxmaq bizim inkişafımızı ləngidir. Bu il COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycan tarixi üçün çox önəmlidir. Eyni zamanda bu konfrans elm sahəsinə də öz töhfəsini verəcək. Bu mənada əsas məqsədimiz təhsil sistemlərində ətraf mühit sağlamlığı ilə bağlı da araşdırmaların aparılmasını təmin etməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə