ADPU-nun Quba filialında səmərəli müzakirə aparılıb

Görüşdə ibtidai sinif müəllimliyi təhsil proqramı mövzusunda müzakirə aparılıb, bu sahədə təhsilin keyfiyyətini yüksəltmək üçün səmərəli fikir mübadiləsi aparılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının struktur rəhbərlərinin, eləcə də ibtidai sinif müəllimliyi təhsil proqramı üzrə tədris aparan professor-müəllim heyətinin iştirakı ilə keçirilmiş görüşdə əvvəlcə ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova müzakirə mövzusu ətrafında fikir və düşüncələrini bölüşüblər.

Rəhbərlik etdiyi təhsil müəssisəsində aparılan yeni islahatlar, kafedraların yüksək tədris imkanları və digər məsələlər barədə müfəssəl məlumat verən direktor Yusif Alıyev əminliklə bildirib ki, qarşıdakı illərdə filiala tələbə axını daha da artacaqdır.

Bu xüsusda ADPU-nun Quba filialında 2025/2026-cı tədris ili üçün ixtisas seçimi, abituriyentlərdə filiala daha da cəlbedicilik yaratmaq kimi məsələlərə dair mövcud imkanlar qarşılıqlı fikir mübadiləsi ilə dəyərləndirilib.
Sonra mövcud problemlər, ümumtəhsil müəssisələrində keyfiyyətin artırılması və Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə ADPU-nun Quba filialı arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, faydalı nəticələr almaq üçün mövcud imkanlar müzakirələr olunub.

Professor-müəllim heyəti ibtidai sinif müəllimliyi təhsil proqramı üzrə öz iş təcrübələrindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, bu sahədə mövcud potensialdan daha səmərəli və faydalı istifadə etmək üçün geniş imkanlar mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə