Naxçıvanda əmək müqavilələrinin elektron qaydada bağlanılmasına başlanılıb

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində əmək müqavilələrinin elektron qaydada bağlanılmasına başlanılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, işçi ilə işəgötürən arasındakı münasibətləri onlayn qaydada daha şəffaf formada tənzimləmək üçün Prezident İlham Əliyevin 2024-cü il 12 avqust tarixli Fərmanı ilə Əmək Məcəlləsində dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən ölkədə, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində çalışan bütün pedaqoji və texniki işçilərin əmək müqavilələrinin elektron qaydada “Əmək və Məşğulluq” altsistemində həyata keçirilməsinə başlanılıb. Bunun üçün işəgötürən və işçi tərəfindən imzalanılan əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq elektron imza ilə təsdiq olunmalıdır. Bu prosesi həyata keçirmək üçün isə ümumtəhsil müəssisələrində çalışan bütün pedaqoji və texniki işçilərin gücləndirilmiş elektron imzası olmalıdır.

Gücləndirilmiş elektron imza dedikdə, “ASAN imza” və ya SİMA tətbiqi nəzərdə tutulur. Həm “ASAN imza”, həm də SİMA proqram təminatı vasitəsilə “Əmək və Məşğulluq” altsisteminə daxil olmaq mümkündür. Qeyd edək ki, “ASAN imza”dan fərqli olaraq SİMA tətbiqinin yüklənilməsi tam ödənişsizdir. SİMA proqram təminatını istifadə etmək üçün hər bir işçi, o cümlədən müəllimlər müvafiq platformalara daxil olmaqla asanlıqla qeydiyyatdan keçə bilərlər. Pedaqoji və texniki işçilərə Təhsil şöbələrinin əməkdaşları tərəfindən SİMA proqram təminatı ilə bağlı müvafiq köməklik edilir.

Əmək müqavilələrinin elektron qaydada bağlanması şəffaflığın artırılması və işçi ilə işəgötürən arasında əmək münasibətlərinin tənzimləməsində mühüm rola malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə