Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi BBMM-ni ziyarət edib - YENİLƏNİB - FOTOLAR

Bu gün Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi (Başkan Vekili) Prof.Dr. Ahmet Emre Bilgili Bakı Beynəlxalq Maarif Məktəbini ziyarət edib. SİA xəbər verir ki, tədbirdə Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi (Başkan Vekili) Prof.Dr. Ahmet Emre Bilgili, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan, məktəbin müəllim və şagird heyəti, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ahmet Emre Bilgili məktəblilərin rəsm sərgisi ilə tanış olub. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri Türkiyə Maarif Vəqfinin nəzdində fəaliyyət göstərir. Türkiyə Maarif Vəqfi isə 2016-cı ildə 6721 saylı qanun ilə qurulan və Türkiyə Respublikası adından xaricdə təhsil ocağı açmaq səlahiyyətinə malik yeganə qurumdur. Dünyanın 67 ölkəsində 464 məktəbi, 1 universiteti və hazırda 50 mindən çox şagirdi var. Azərbaycanda isə 2022-ci ildən fəaliyyətə başlayıb. Hazırda 2024-2025-ci tədris ili üçün erkən qeydiyyat başlamışdır.

Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Sərdar Gündoğan bildirib: "Türkiyə Maarif Vəqfi dünyanın 52 ölkəsində fəaliyyət göstərir. Maarif Vəqfinin ərdəmli nəsilləri yetişdirmək əsas məqsədidir: "Bu il yeni 1000 şagirddən ibarət Türkiyə Maarif Vəqfi fəaliyyətini davam etdirəcək".

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi prof.dr. Ahmet Emre Bilgili deyib ki, Maarif Vəqfi 7 il əvvəl qurulduqda dövlət vəqfi olaraq qurulub: "Maarif Vəqfinin 7 nümayəndəsi Prezident tərəfindən təyin olunur. Maarif Vəqfi qlobal təhsil quruluşudur. Dünyanın 52 ölkəsində 8 min müəllimi, 53 min şagirdi ilə qlobal təhsil mərkəzidir. Bu sadəcə İstanbuldan idarə olunur, amma bütün dünyaya təhsil vermək üzrə təşkil olunur. Daha böyük iddiamız zirvəyə çıxmaq və orada qalmaqdır. Müəllimləri sinifin qəhrəmanı etmək istəyirik. Onlar qəhrəman olmazsa, sinifdən qəhrəman çıxmaz. Bakıda bir məktəbimiz var və hələ ki, az şagirdimiz var. İkinci korpus da tikilir. Sentyabrda hazır olacaq. Biz məqsədlərimizi daha da tez və yaxşı yerinə yetirəcəyik. Bakıda daha güclü olmalıyıq. Azərbaycanın lideri ilə Türkiyənin lideri bir-birlərini qardaş elan ediblər. Ona görə də Maarif Vəqfi Azərbaycanda daha da güclənməlidir. Azərbaycanlı qardaşlarımızdan uşaqlarını Maarif Vəqfinə gətirmələrini istəyirik. Biz də onlara verdiyimiz sözü yerinə yetirəcəyik. Böyük təşkilatıq, ən önəmlisi gizlimiz yoxdur. İki dövlət, tək millətik. Maarif Vəqfinin ən güclü olduğu ölkə Azərbaycan olmalıdır".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı isə bildirib ki, Türkiyə Maarif Vəqfinin birinci korpusu Nəsimi rayonunda açılıb, ikinci korpusu isə Gənclikdə olacaq: "Məqsədimiz imtahan ilə şagird seçmək səviyyəsinə gəlməkdir: "Azərbaycandakı işlər, şagirdlərə verdiyimiz imkanlar bunu göstərir. Maarif Vəqfi hədəflər doğrultusunda inkişaf edəcək".

Tədbirə müzakirələrlə yekun vurulub.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə