"Türkiyə-Azərbaycan qarşılıqlı şəkildə bu işlərin öhdəsindən gələ bilərlər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bütün, o cümlədən ali təhsil sistemimizin müasir çağırışlara cavab verməsi, universitetlərimizin rəqabətə davamlılığının artırılması, beynəlxalq reytinqlərə daxil olması, ölkəmizin digər ölkə vətəndaşları üçün qabaqcıl təhsil verən mərkəzə çevrilməsi üçün ali təhsil sistemində geniş islahatların aparılmasına yeni baxışın olmasına ehtiyac vardır". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, bu da cənab Prezidentimiz İlham Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın tərkib hissələrindəndir: "Türkiyənin 20-yə yaxın universiteti dünyanın ən nüfuzlu universitetləri cərgəsindədir. Ortaq Türkiyə-Azərbaycan universitetinin yaradılması haqqında qərar təkcə bu günümüzlə deyil, eyni zamanda gələcəyimizlə bağlıdır. Cənab Prezidentimizin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan universitetinin yaradılmasına dair Anlaşma Memorandumunu təsdiq etməsi haqqında fərman imzalaması müəyyənləşdirilmiş strategiyanın həyata keçirilməsi yolunda bir addımdır.

Hesab edirəm ki, müvafiq qurumlar cənab Prezidentimizin müəyyənləşdirdiyi xətti dəqiqliklə həyata keçirməyə çalışmalıdırlar. Çünki bizim millətin və dövlətin gələcəyi elm və təhsillə bağlıdır. Ali təhsilin keyfiyyətli olmasından ötrü mütləq orta təhsil yenidən qurulmalıdır. Orta təhsil zəifdirsə, ali məktəbdə tələbələr də zəif olacaqlar. Tələbələr zəifdirsə, alimlər də zəif olacaqlar. Bunlar bir-biri ilə bir zəncirin həlqələridir. Türkiyə və Azərbaycan qarşılıqlı şəkildə bu işlərin öhdəsindən gələ bilərlər. Dünyanın müxtəlif ölkələrində, o cümlədən qardaş Türkiyədə yaşayıb işləyən azərbaycanlı alimlərin də gücündən istifadə etmək olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə