Qlobal Forumun əhəmiyyəti böyükdür - TƏHLİL

Müstəqillik əldə edildikdən sonra Azərbaycan artıq dəfələrlə mötəbər beynəlxalq təbirlərə ev sahibliyi edib, bu tədbirlərin təşəbbüskarı kimi, onların mövzuları düşünülmüş və ardıcıl şəkildə müəyyən olunub. Əlbəttə ki, Azərbaycanın ev sahibliyi etdiyi həmin mötəbər tədbirlər bir qayda olaraq geosiyasi, enerji, mədəniyyət, siyasət, sivilizasiya, din üzrə əməkdaşlığı gücləndirməyə, genişləndirməyə, dialoqa xidmət edir və beləliklə də Azərbaycan özünün xarici siyasətinin əsas missiyalarından birini uğurla bütün dünyaya nümayiş etdirir. Məhz elə bu baxımdan Qlobal Bakı Forumu da xüsusi təsiri olan, əhəmiyyətli tədbir kimi qiymətləndirilir.

İlk olaraq 2013-cü ildə Cənubi Qafqaz Forumu adı altında təşkil edilən, 2014-cü ildə Qlobal Açıq Cəmiyyətlər Forumu adı ilə keçirilən bu forum, 2015-ci ildən başlayaraq Qlobal Bakı Forumu adlanır və bu Forumda dünyanın bir sıra ölkələrinin dövlət başçıları, tanınmış siyasətçilər iştirak edirlər. Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir və bu zaman insan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlər müzakirə olunur, onların həlli tapılır. Daha dəqiq desək, forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platformanın formalaşdırılmasıdır. Heç şübhəsiz ki, forumun nəticəsi də müvafiq olaraq beynəlxalq təşkilatlara, ölkə liderlərinə, hətta bəzən ayrı-ayrılıqda hər bir şəxsə tövsiyyələr və müraciətlərdə öz öksini tapır.

Əvvəlcə onu vurğulamaq yerinə düşərdi ki, bu Forum indi qlobal miqyasda bir sıra ciddi problemlərin təzahür etdiyi bir vaxtda keçirilir. Məsələn, bütün dünyanı öz cənginə alan pandemiya artıq hər bir yerdə müzakirə mövzusudur və qlobal xarakter daşıyır. Çünki, pandemiya bütün istiqamətlərdə öz mənfi təsirini göstərib və hələ də göstərməkdədir. İnsanların həyat şəraitinə, iqtisadi duruma pandemiyanın təsirini inkar etmək olmaz və bu baxımdan müzakirələr də qaçılmazdır.

Digər tərəfdən, böyük dövlətlər arasında nüfuz uğrunda mübarizə indi daha kəskin xarakter alıb. Belə bir kəskin mübarizə əlbəttə ki, iqtisadi münasibətlərə, əməkdaşlıqlara da öz təsirini göstərməkdədir. Nəticə etibarı ilə bütün bunlar ümumi inkişafa əhəmiyyətli dərəcədə təsir edir ki, bunun da müzakirəsi qaçılmazdır. Ələlxüsus, Cənubi Qafqazda bir çox dövlətlərin maraqları toqquşur, yaxud da bir çoxları bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışırlar ki, bu məhz Azərbaycanla yanaşı bir çoxları üçün də maraqlı məqamdır.

Bununla yanaşı, çoxdandır ki, islamofobiyadan qidalanan yeni terror dalğası baş qaldırmaqdadır. Yaxın Şərqdə də terror özünü biruzə verir. Bu terror dalğası bütün dünya üçün hər zaman müzakirə mövzusudur və həqiqətən də həlli vacib ən actual məsələlərdəndir. Çünki, bu terror dalğasından, separatçılıqdan insanların əziyyət çəkmələri günün reallığıdır. Sözsüz ki, bunun qarşısının alınması istiqamətində müzakirələr əslində ən vacib hesab olunmalıdır.

Hazırda münaqişələrin həlli məsələsi də günün ən aktual məsələləridir və öz həllini gözləyir. Bir sıra bölgələrdə münaqişələr bir-birini əvəzləməkdədir. Ərazi iddiaları, ərazi bütövlüyü, suverenlik məsələləri ilə bağlı müzakirələr də günün ən vacib məsələlərindəndir. Cənubi Qafqazda bir zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var idisə də, doğrudur, indi bu münaqişə artıq tarixdə qalıb və belə bir münaqişə, yaxud Dağlıq Qarabağ məsələsi indi yoxdur. Bildiyimiz kimi Ermənistan tərəfinin növbəti təxribatlarına cavab olaraq başladılan və 44 gün davam edən müharibə, zəfər savaşı ilə, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti, təcrübəsi, lderliyi, qətiyyəti ilə, Azərbaycan xalqının həmrəyliyi, birliyi və Azərbaycan Ordusunun rəşadəti ilə 30 ilə yaxın ermənilər tərəfindən işğal altında saxlanılan torpaqlarımız işğaldan azad edildi və məhz bununla da Qarabağ problemi tarixdə qaldı. Belə bir problem artıq yoxdur.

Məsələ burasındadır ki, indi əvvəla işğalçı ölkə ilə delimitasiya və demarkasiya məsələləri var, sülh müqaviləsi imzalanmalıdır ki, buna da mane olan qüvvələr mövcuddur. Bu qüvvələr aranı qarışdırmaq və qarışıqlar yaratmaq istəyirlər ki, bundan çirkin niyyətlər üçün istifadə etsinlər. Bu həm də bölgədə separatçılıq meyillərinin də artmasına şərait yaratmaq meyillərində özünü göstərir, hansıki, ilk növbədə bunun qarşısının alınması müzakirə olunmalı, həlli yolları tapılmalıdır. Çünki, əslində terrorçuluq və separatçılıq təkcə Azərbaycanın deyil, bütün dünyanın problemidir və bundan əziyyət çəkən yalnız biz deyilik. Heç bir ölkə terrorçuluqdan və separatçılıqdan sığortalanmayıb. İstənilən ölkədə bu kimi meyillərin mənfi təsiri gözləniləndir və bunun üçün də qlobal şəkildə müzakirəsinə daim ehtiyac duyulur.

Digər tərəfdən müharibə bitdikdən sonra ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçrilməsi, həmin ərazilərdə həyatın bərpa edilməsi həlli vacib məsələlərdəndir. Əvvəla ona görə ki, tarixi ədaləti bərpa edən, işğal alrında olan əraziləri öz sahiblərinə qaytaran Azərbaycan həmin ərazilərə də sahiblərinin dönüşünü, “Böyük Qayıdışı” təmin etməkdədir və bu istiqamətdə tədbirlər görülür, layihələr reallaşdırılır. Həmin ərazilər minalardan təmizlənir, ərazilərdə infrastruktur layihələri həyata keçirilir, yaşayış və inzibati binalar tikilir, bir sözlə, yaşayış şəraiti bərpa edilir ki, bu prosesin nə qədər vacib olması heç kim üçün sirr deyil. İndi bu ərazilərdə iqtisadiyyatın bərpası, kənd təsərrüfatı sahəsində görüləcək işlər də həlli vacib məsələlərdəndir və nəzərə alsaq ki, həmin ərazilərə investisiyaların yatırılması, xarici investorların da cəlb olunması mümkündür, deməli, bu məsələ də öz aktuallığını qoruyur. Çünki, sabitliyin, təhlükəsizliyin təminatı hər zaman ön planda durur və bunun üçün əməkdaşlıq çox vacib faktordur.

Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu, olduqca mühüm məsələdir və biz artıq bunun şahidiyik. Ölkəmiz hər zaman qlobal layihələrin həm təşəbbüskarı, həm təşkilatçısı, həm də iştirakçısı kimi çıxış edib. Bu layihələri sadalamağa da ehtiyaç yoxdur, ona görə ki, indi bütün dünya ictimaiyyəti bu barədə məlumatlıdır. Azərbaycan xarici siyasətdə tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə geniş bir coğrafiyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün ölkələrlə yaxın əlaqələr qurur. Bu fakt indi kimin üçünsə sir deyil və təbii ki, bu müzakirələrin aparılmasında da ölkəmiz hər zaman olduğu kimi, yenə də haqlıdır. Ona görə ki, Azərbaycan utilitar müstəvidə ancaq özünün qazanc götürməsinə deyil, bütövlükdə təhlükəsizliyə və sabitliyə apara biləcək qarşılıqlı faydalı əməkdaşlıq xəttinə sadiqdir. Yalnız bu əsasda müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında dialoq yaratmaq və bütövlükdə təhlükəsizliyi təmin etmək mümkündür.

Əlbəttə ki, Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələr konkret məqsədə xidmət edir və bu göz önündədir. Azərbaycanın ölkələr və xalqlar arasında əməkdaşlıq, sülh və barış üçün çalışdığı da təkzibedilməzdir. Ölkəmiz digər dövlətlərlə müstəqil şəkildə, sabit qaydada və tam proqnozlaşdırılan metodlarla beynəlxalq hüquq normaları çərçivəsində münasibətlər qurur. Bu, tamamilə sülhə, əməkdaşlığa, qarşılıqlı faydaya və barışa xidmət edir. Əlbəttə ki, bu ənənəyə hər zaman olduğu kimi yenə də ölkəmiz sadiqdir və qlobal forumların keçirilməsində də basilica məqsəd elə budur.

Bakıda bir çox beynəlxalq tədbirlər təşkil edilib. Konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yolu belə beynəlxalq tədbirlərin keçirilməsidir və gözlənilən nəticələrə nail olmaq üçün müzakirələrin aparılması vacibdir. Məhz bu baxımdan Azərbaycan qlobal forumların keçirilməsinə, müzakirələrin aparılmasına xüsusi yer ayırır. Təsadüfi deyil ki, ölkəmiz bu tədbirlərin bir çoxuna ev sahibliyi edir. Bu onun göstəricisidir ki, Azərbaycan hər zaman olduğu kimi yenə də əməkdaşlığın, sülhün, təhlükəsizliyin, sabitliyin, inkişafın tərəfindədir, keşiyindədir və bu ənənəsinə sadiqdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə