"Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizə aparır" - AYDINLIQ GƏTİRİLDİ

"Bu gün dünyanı narahat edən ən böyük problemlərdən biri iqlim dəyişmələridir. İqlim dəyişikliyi və onun canlı aləmə təsiri artıq hər kəsi narahat edir. Qlobal istiləşmə ətraf mühitdə ciddi dəyişikliklərə səbəb olur. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonalar, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliklərinə həssasdır: "İqlim dəyişikliyinə ən çox məruz qalan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahilyanı zonalardır. Azərbaycan artıq sosial-iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri kimi müəyyənləşdirmişdir. Keçən ili Azərbaycanda ekoloji fəaliyyətlərin daha da aktivləşdiyi il adlandırmaq olar. Belə ki, ölkə başçısının müvafiq Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də nüfuzlu tədbir olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsi ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin daha da sürətlənməsinə təkan vermişdir.

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması və iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülən tədbirlərin bariz nümunəsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan edilməsidir. “Yaşıl enerji zonası” elan edilən Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilədək “netto sıfır emissiya zonası”na çevriləcək. “Yaşıl enerji”yə keçid ekosistemdə dayanıqlığın və insanın tələbatları ilə təbiətin imkanları arasında tarazlığın təmin olunmasında böyük əhəmiyyət daşıyır. Qeyd etməliyik ki, 30 il ərzində işğalçı Ermənistan tərəfindən talan edilmiş, şəhər və qəsəbələri yerlə-yeksan edilmiş Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir və nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi siyasi mərkəzə çevrilir. Təbii ki, quruculuq işləri aparılarkən flora və faunaya zərər vurulmamalıdır. Bu ərazilərdəki meşələr qorunmalı, onların qırılmasına yol verilməməlidir. Ətraf mühitimizi qorumaq ən vacib məsələlərdən biridir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də reallaşdırılması nəzərdə tutulan beş prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlanır. Bu prioritet qlobal iqlim dəyişiklikləri fonunda kompleks tədbirlər sistemini özündə birləşdirir. Azərbaycanda bu il, xüsusilə yaz fəslində hava şəraiti bir neçə dəfə kəskin dəyişib. Optimal təbii sərvət olmadan insanın varlığı və yaşaması mümkün deyil. Hava şəraitinin kəskin dəyişməsi ekoloji böhranla əlaqələndirilir və bunun qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. İnsanların təbiətdən istifadəsi təkcə indiki deyil, gələcək nəsillərin də maraqları nəzərə alınmaqla təşkil olunmalıdır. Hazırda baş verən iqlim dəyişikliklərinə insanların birdən-birə uyğunlaşması mümkün deyil. Tədricən uyğunlaşmanın əsas şərti isə insanların təbiətə vurduğu ziyanın minimuma endirilməsidir.

Bu səbəbdən insan həyatının və sağlamlığının müdafiəsi üçün ətraf mühitin zərərli təsirlərindən mühafizə mexanizmləri işlənib hazırlanmalıdır. İnsanların təbiətə uyğunlaşaraq sağlam ətraf mühitdə yaşamaq hüquqları təmin edilməlidir. Bundan əlavə, hava dəyişikliklərinə qarşı hazırlıqlı olmaq vacibdir. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək və ətraf mühitin sağlamlaşdırılması üçün ardıcıl işlər həyata keçirir. Qeyri-hökumət təşkilatları da ekoloji sağlamlıq istiqamətində müxtəlif tədbirlər keçirir, ətraf mühitin mühafizəsi sahəsində əhali arasında maarifləndirmə və təbliğat aparır. Təbii ki, ətraf mühitlə bağlı problemlər çoxdur. Bununla bağlı yalnız Azərbaycan dövləti deyil, bütün dövlətlər və beynəlxalq təşkilatlar ətraf mühitin qorunması məqsədilə müxtəlif tədbirlər planı hazırlayırlar".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə