"Tramp ABŞ-ın qüdrətinə təhdid yaradan təşkilatları sıradan çıxarır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Donald Trampın ABŞ-ın ənənəvi və yeni media vasitələrinə qarşı sərgilədiyi mövqe, ölkənin siyasi və sosial mühitində bir sıra vacib prosesləri ortaya qoyur. Onun bəyanatları göstərir ki, media vasitələri yalnız informasiya yayımı funksiyasını yerinə yetirmir, eyni zamanda müəyyən zamanlarda dövlətin maraqlarına zidd təsir göstərə biləcək potensiala malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Trampın fikrincə, bəzi media qurumları korrupsiyaya bulaşmış və xarici təsir agentlərinin yuvasına çevrilmişdir, bu isə demokratik institutların səmərəli işləməsinə mane ola bilər: "Bu baxımdan Trampın məqsədi yalnız medianı tənqid etmək deyil, eyni zamanda ölkənin təhlükəsizliyini və siyasi suverenliyini qorumaqdir. Onun strategiyası media vasitələri üzərindən yayılmış yanlış informasiyaların, dezinformasiyanın və xarici təsirin təsirini azaltmaq və daxili siyasətdə şəffaflığı təmin etməkdir. Bununla birlikdə, belə yanaşma həm daxili siyasətdə, həm də beynəlxalq səviyyədə əks reaksiyalar doğura bilər. Bəzi ekspertlər hesab edirlər ki, bu, demokratik institutlara təzyiq və söz azadlığının məhdudlaşdırılması riskini də daşıyır.

Beynəlxalq siyasət baxımından Trampın bu mövqeyi ABŞ-ın xarici ölkələrdəki təsirini gücləndirmək üçün bir alət kimi istifadə edilə bilər. Xarici təsir agentlərinin fəaliyyətinin məhdudlaşdırılması ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsinə və xarici siyasətdə daha möhkəm mövqe tutmasına imkan yaradır. Trampın medianın rolu ilə bağlı mövqeyi ABŞ-ın daxili və xarici siyasətində kompleks bir təsir mexanizmi yaradır. Bu siyasət, həm demokratik institutların qorunması, həm də ölkənin geosiyasi maraqlarının müdafiəsi baxımından həm də riskləri və imkanları bir arada ehtiva edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə