Maska effekti - insanlar niyə sosial şəbəkədə özünü olduğundan fərqli göstərir? - ARAŞDIRMA

İnsan təbiətcə qəbul olunmaq, təsdiq olunmaq və sevilmək istəyir. Bu ehtiyac qədim dövrdə həyat üçün zəruri idi — insan tək yaşaya bilmirdi, qəbilədən qovulan insan fiziki olaraq təhlükəyə düşürdü. Bu bioloji yaddaş psixoloji olaraq bu gün də yaşayır. Sosial şəbəkələr isə bu qədim ehtiyacın rəqəmsal qarşılığı oldu. Burda insan özünü göstərə, qiymətləndirilə, təsdiq oluna bilər. Amma təqdim etdiyi şəxsiyyət daha ideal formaya salınmış obraz olur. Yəni: İnsan sosial məkanda sağ qalmaq üçün maska yaradır – bu dəfə fiziki deyil, emosional.

Maska Effekti nədir və necə yaranır?

Maska Effekti insanın real mənliyi ilə sosial məkanda göstərdiyi ideal mənlik arasında fərq yarandığı anda baş verir.

Bu proses üç mərhələdə formalaşır:

1. Özünü olduğundan yaxşı göstərmək istəyi

2. İnsanların reaksiyasına uyğun obrazın möhkəmlənməsi

3. Obrazın real mənlikdən daha güclü hala gəlməsi

Bu zaman insan yavaş-yavaş: Özünü deyil, özünün yaratdığı versiyanı yaşayır.

Sosial təsdiqin beyin kimyasına təsiri

Bəyənilər (like), paylaşım sayları və baxış göstəriciləri dopamin ifrazını artırır. Dopamin isə beynin “mükafat sistemi”nin əsas kimyəvi maddəsidir. Bu o deməkdir ki: İnsan sosial təsdiq alanda özünü yaxşı hiss edir, təsdiq az olanda özünü dəyərsiz hiss edir.

Beləliklə, insan daxili dəyər meyarını itirir və kənardan gələn dəyərə bağlanır.
Dəyər artıq “mən kiməm?” ilə deyil — “mənə neçə nəfər baxdı?” ilə ölçülür.

Həqiqi mən və virtual mən: Psixoloji qarşıdurma

Həqiqi mən — insanın zəiflikləri, qorxuları, qüsurları, yorğunluqları olan tərəfidir. Virtual mən isə — güclü, gözəl, uğurlu, şən və daim nəzarətdə görünən tərəfidir. Bu iki mənlik arasındakı məsafə böyüdükcə: İnsan daxilən parçalanır, özünü olduğundan daha pis qəbul etməyə başlayır, psixoloji yorğunluq dərinləşir, psixologiyada buna kimliyin parçalanma riski deyilir.

Sosial müqayisə mexanizmi: Niyə başqalarının həyatı daha yaxşı görünür?

Sosial şəbəkələrdə insanlar yalnız: xoşbəxt anları, estetik görüntüləri,

uğurları paylaşırlar.

Heç kim:

ağladığı anı, mübarizəsini, travmasını, uğursuzluğunu nümayiş etdirmir. Bu zaman insan başqalarının ən yaxşı anları ilə öz adi həyatını müqayisə edir. Beləliklə: "Mən kifayət qədər yaxşı deyiləm" düşüncəsi formalaşır. Bu düşüncə isə özünəinamı zəiflədir.

Bədənə münasibətin dəyişməsi və estetik təzyiq

Filtrlər, tətbiqlər və foto redaktə alətləri real bədən anlayışını təhrif edir. Artıq gözəllik təbii olan deyil, rəqəmsal olaraq düzəldilmiş hala çevrilir. Bu proses: Öz bədənindən narazılıq yaradır, özünə münasibəti pozur, öz-özünə qarşı amansız tənqid gücləndirir. Bədən artıq insanın varlığını ifadə etmir — o, sosial təqdimat alətinə çevrilir.

Dünya nəzəriyyəsinə istinad

Erving Goffman sosial həyatı səhnəyə, insanları isə aktyorlara bənzədirdi. Onun fikrinə görə: “İnsanlar kim olduqlarını deyil, kim görünməli olduqlarını oynayırlar”. Sosial şəbəkələr isə bu səhnəni maksimum genişləndirdi və daimi etdi. İnsan artıq səhnədən düşə bilmir. Çünki ekran — daimi tamaşa meydanıdır.

Problemin dərinləşməsinin səbəbləri

Maska Effektinin güclənməsi yalnız sosial şəbəkələrdən istifadənin çoxluğu ilə bağlı deyil. Burada daha dərin psixoloji amillər rol oynayır: Şəxsin özünüdərk səviyyəsinin zəif olması, daxili dəyər sisteminin formalaşmaması ,“Başqalarının təsdiqinə bağlı həyat” modeli, nəticə yönümlü, prosesdən uzaqlaşmış düşüncə tərzi, insan özünü tanımadıqca, özünü başqalarına göstərmək ehtiyacı artır. Yəni, insan daxili boşluğu virtual məkanda görünmək ilə doldurmağa çalışır. Bu da maskanın çıxmağa qoyulmamasına səbəb olur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə