“Dost Müfəttiş” layihəsi əmək bazarında innovativ yanaşmanı təmin edir - ANAR ƏLİYEV

Rəqəmsal həllərin tətbiqi eyni zamanda qeyri-formal məşğulluğun azaldılmasına və əmək bazarının leqallaşdırılmasına mühüm töhfə verir. Bu istiqamətdə əldə olunan nəticələr işəgötürənlərlə dövlət qurumları arasında əməkdaşlığın daha da genişlənməsi ilə müşayiət olunur.
SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, 2023-cü ildən fəaliyyət göstərən Əmək Müfəttişliyi Mərkəzi tərəfindən işəgötürənlərlə birgə əmək mühafizəsi sahəsində təlimlərin keçirilməsi və maarifləndirmə tədbirlərinin təşkili əmək münasibətlərində təhlükəsizlik və hüquqi savadlılığın artırılmasına yönəlmişdir. Bu tədbirlər ölkənin bütün regionlarını, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə etməklə insan kapitalının inkişafına xidmət edir.

Bundan əlavə, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Dost Müfəttiş” layihəsi əmək bazarında innovativ yanaşma kimi çıxış edir. Layihə çərçivəsində könüllü qoşulan işəgötürənlər əmək mühafizəsi, elektron sistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi sahələrində mütəxəssislər tərəfindən dəstəklənir ki, bu da əmək münasibətlərinin daha səmərəli və müasir standartlara uyğun şəkildə qurulmasına imkan yaradır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə