"Çex Respublikasının Baş naziri Andrej Babišin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər təkcə diplomatik protokol çərçivəsində deyil, həm də konkret layihələr və strateji əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli oldu. Səfər zamanı həm siyasi dialoq, həm də iqtisadi əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olundu. Xüsusilə enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi ön plana çıxdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə xeyli artıb və bu baxımdan Çex Radiosu kimi media qurumlarında Azərbaycanın etibarlı tərəfdaş kimi təqdim olunması təsadüfi deyil:
"Azərbaycanın zəngin enerji resursları və alternativ marşrutlar təqdim etməsi Çexiya üçün strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə ənənəvi enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda bərpa olunan enerji istiqamətində də geniş perspektivlər vəd edir. Görüşlər zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri də diqqət mərkəzində oldu. Baş nazir Babiş Çex şirkətlərinin bu prosesdə iştirak etmək niyyətini açıq şəkildə ifadə etdi. Bu isə Azərbaycanın həmin regionlarda həyata keçirdiyi genişmiqyaslı layihələrə beynəlxalq marağın artdığını göstərir. Xüsusilə infrastrukturun yenilənməsi, ağıllı şəhər konsepsiyalarının tətbiqi və “yaşıl enerji” zonalarının yaradılması sahəsində Çexiyanın qabaqcıl texnologiyaları mühüm rol oynaya bilər. Bu əməkdaşlıq həm iqtisadi fayda gətirəcək, həm də regionda dayanıqlı inkişaf modelinin formalaşmasına töhfə verəcək.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə olunan əsas mövzulardan biri idi. Azərbaycan uzun müddətdir ki, Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar idxal edir və bu sahədə qarşılıqlı etimad formalaşıb. Gələcəkdə isə bu əməkdaşlığın daha da genişlənməsi, birgə istehsal və texnologiya transferi imkanlarının araşdırılması nəzərdə tutulur. Çexiyanın müdafiə sənayesindəki zəngin təcrübəsi Azərbaycanın bu sahədə potensialını artırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüş və mətbuata verilən bəyanatlar göstərdi ki, tərəflər arasında yüksək səviyyəli siyasi etimad və qarşılıqlı anlayış mövcuddur. Bu etimad ikitərəfli münasibətlərin dayanıqlı inkişafı üçün əsas baza rolunu oynayır. Hər iki tərəf əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu açıq şəkildə ifadə etdi və konkret istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəldi.
Ümumilikdə, bu səfər Azərbaycan ilə Çexiya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Eyni zamanda, Çexiyanın Cənubi Qafqaz regionunda Azərbaycanın artan geosiyasi və iqtisadi roluna verdiyi önəmi də açıq şəkildə nümayiş etdirdi. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmayaraq, daha geniş regional və beynəlxalq kontekstdə də mühüm təsirlərə malik ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB