Həyət evlərinin qarşısını istifadəyə görə sakin cərimə oluna bilərmi? - VƏKİL AÇIQLADI
Həyət evlərinin və çoxmənzilli binaların qarşısındakı torpaq sahələrinin istifadəsi tez-tez mübahisə doğuran məsələlərdən biridir. Bir çox hallarda sakinlər evlərinin ön hissəsini abadlaşdırmaq, gül əkmək və ya kiçik bağ salmaq istəyirlər. Digər tərəfdən isə, bəzi şəxslər bu sahələri hasarlayaraq və ya müxtəlif üsullarla öz istifadələrinə götürərək ümumi istifadəyə məhdudiyyət yaradırlar. Bu isə sual doğurur: belə hallarda qanun nə deyir və sakinlər cərimə oluna bilərmi?
Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, əvvəlcə müəyyənləşdirilməlidir ki, həyət evinin qarşısındakı torpaq sahəsi hansı statusa malikdir və faktiki olaraq necə istifadə olunur:
"Bu ərazi bələdiyyə torpağıdır, dövlət mülkiyyətinə daxildir, yoxsa ümumi istifadə üçün nəzərdə tutulmuş sahədir — bunların hər biri hüquqi baxımdan fərqli qiymətləndirilir. Əgər həmin sahə ümumi istifadəyə açıqdırsa (məsələn, keçid yolu, səkilər və ya ictimai yaşıllıq zonası), bu zaman hər hansı şəxsin onu özbaşına zəbt etməsi və ya şəxsi istifadəyə uyğunlaşdırması qanun pozuntusu hesab olunur.
Əgər bir şəxs torpaq sahəsini qanunsuz olaraq hasarlayırsa, tikinti aparırsa, yaxud digər üsullarla faktiki olaraq həmin əraziyə nəzarəti ələ alırsa, bu hal artıq hüquqi məsuliyyət yaradır. Belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi — torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) — tətbiq oluna bilər. Bu maddəyə əsasən, təqsirli şəxs cərimə oluna, islah işlərinə cəlb edilə və ya daha ağır hallarda səkkiz ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Xüsusilə də əgər bu əməllər təkrar törədilərsə, qrup halında həyata keçirilərsə və ya ciddi nəticələrə səbəb olarsa, cəza daha da sərtləşdirilə bilər.
Digər tərəfdən, əgər söhbət sadəcə estetik məqsədlə az miqdarda gül əkilməsindən gedirsə və bu, nə başqalarının hərəkətinə mane olur, nə də ərazinin hüquqi statusunu dəyişdirirsə, belə hallar adətən inzibati və ya cinayət məsuliyyəti yaratmır. Yəni, kiçik miqyaslı abadlaşdırma işləri, qonşuların hüquqlarını pozmadığı müddətcə, problem hesab olunmur.
Lakin əgər bu abadlaşdırma artıq geniş miqyas alırsa — məsələn, bağ salınır, ağaclar əkilir, torpaq sahəsi faktiki olaraq hasarlanır və ya ümumi istifadəyə maneələr yaradılırsa — bu zaman vəziyyət dəyişir. Belə hallarda həmin ərazi üzərində qanunsuz sahiblik iddiası kimi qiymətləndirilə bilər və məsuliyyət yarana bilər. Eyni zamanda, bu cür müdaxilələr qonşuların hüquqlarının pozulmasına, keçid yollarının bağlanmasına və ya digər ictimai narahatlıqlara səbəb olarsa, əlavə hüquqi tədbirlər də tətbiq oluna bilər".
Nəticə etibarilə, əsas meyar həmin torpaq sahəsinin hüquqi statusu və görülən işlərin miqyasıdır. Kiçik və maneəsiz istifadə halları ilə geniş və məhdudlaşdırıcı müdaxilələr arasında ciddi hüquqi fərq mövcuddur. Buna görə də belə məsələlərdə hər zaman ehtiyatlı davranmaq və zərurət olduqda müvafiq qurumlardan rəsmi icazə almaq tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB