"Bu faktların diqqətə alınmaması təəssüf doğurur" - Allahşükür Paşazadədən MƏKTUB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) 23 aprel tarixli bəyanatında əks olunmuş anti-Azərbaycan iddiaları ilə bağlı Şuranın Baş katibinə məktub göndərib. SİA xəbər verir ki, məktubda Şura tərəfindən Azərbaycana münasibətdə regionda baş vermiş son hadisələrin ciddi şəkildə təhrif edildiyi qeyd olunub.

Məktubda xatırladılıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalıb, azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib və bir milyondan artıq soydaşımız öz doğma torpaqlarından zorla didərgin düşüb:
"BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən 4 qətnamə qəbul edib və erməni silahlı birləşmələrinin dərhal, tamamilə və qeyd-şərtsiz işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edib".

Bəyanatda bildirilir ki, Azərbaycanın ərazilərində dini və mədəni irsə münasibətdə səsləndirilən iddialar da əsassızdır: "Əsrlər boyu Azərbaycanda pravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlif dinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyət göstərib. Ölkəmiz öz ərazisində yerləşən bütün dini abidələrin, məscidlərin, kilsələrin və sinaqoqların heç bir fərq qoyulmadan qorunmasını və bərpasını təmin edir. Eyni zamanda Şuşada yerləşən erməni Qazançı kilsəsinin yenicə bərpa edilməsini, habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır. Bununla yanaşı, işğal dövründə Azərbaycanın məscid və digər dini-mədəni abidələrinin sistemli şəkildə dağıdılması faktlarının beynəlxalq dini qurumlar tərəfindən diqqətə alınmaması da təəssüf doğurur".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə