“Yüksək səviyyəli siyasi fiqurların ardıcıl səfərləri ölkəmizə beynəlxalq marağın artdığını nümayiş etdirir” - ŞƏRH EDİLDİ

“Son dövrlərdə Azərbaycan diplomatik aktivliyin artdığı mühüm geosiyasi məkanlardan birinə çevrilmişdir. Petr Fiala , Vlodimir Zelenski və Edgars Rinkevics kimi yüksək səviyyəli siyasi fiqurların ardıcıl səfərləri ölkəmizə beynəlxalq marağın artdığını nümayiş etdirir. Bu səfərlər Azərbaycanın xüsusilə Avropa məkanında etibarlı tərəfdaş və strateji aktor kimi qəbul edildiyini göstərən əsas indikatorlardandır.

Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, məlumdur ki, Latviya və Çexiya NATO və Avropa İttifaqı üzvü olan dövlətlərdir:

“Ukrayna isə Avropa siyasi məkanının mühüm iştirakçısı kimi bu proseslərdə xüsusi yer tutur. Bu kontekstdə Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol, eləcə də beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi onun regional “hub” kimi əhəmiyyətini daha da artırır.

Baltikyanı region dövlətlərinin, xüsusilə Latviyanın Azərbaycana artan marağı mövcud geosiyasi reallıqlarla sıx bağlıdır. Rusiya-Ukrayna müharibəsi nəticəsində Baltik regionunda təhlükəsizlik risklərinin artması bu ölkələri xarici siyasətlərini şaxələndirməyə və yeni tərəfdaşlıqlar qurmağa sövq edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda sabit və etibarlı tərəfdaş kimi çıxış edir.

Eyni zamanda, yüksək səviyyəli görüşlərin Qəbələ şəhərində keçirilməsi bu məkanın diplomatik mərkəz kimi formalaşdığını göstərir. Bu, Azərbaycanın yalnız paytaxt deyil, regionlar səviyyəsində də beynəlxalq diplomatiya üçün platforma yaratmaq potensialına malik olduğunu təsdiqləyir.

Ukrayna ilə münasibətlər xüsusilə diqqətəlayiqdir. Müharibə şəraitində Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji dəstəyi ikitərəfli münasibətlərin strateji xarakterini daha da gücləndirmişdir. Bu əməkdaşlıq təkcə humanitar deyil, həm də müdafiə sənayesi və iqtisadi sahələri əhatə edən çoxşaxəli xarakter daşıyır.

Çexiya ilə münasibətlər isə Mərkəzi və Şərqi Avropa istiqamətində Azərbaycanın mövqeyini möhkəmləndirir. Çexiyanın praqmatik xarici siyasət kursunda Azərbaycanın enerji resursları mühüm yer tutur. Xüsusilə neft tədarükü və ticarət dövriyyəsinin artması iqtisadi əlaqələrin dərinləşdiyini göstərir.

Ümumilikdə, Azərbaycan xarici siyasətini ikitərəfli əməkdaşlıq prinsipləri əsasında qurur və bu münasibətləri üçüncü tərəflərə qarşı yönəltmir. Bu praqmatik və balanslaşdırılmış yanaşma ölkənin həm Rusiya, həm Ukrayna, həm də Qərb və region dövlətləri ilə paralel və konstruktiv əlaqələr saxlamasına imkan yaradır.

Nəticə etibarilə, Azərbaycan müxtəlif maraqların toqquşduğu mürəkkəb geosiyasi mühitdə dialoq və əməkdaşlıq platforması kimi çıxış edir. Bu isə ölkənin beynəlxalq münasibətlər sistemində artan rolunu və gələcəkdə diplomatik aktivliyin daha da intensivləşəcəyini deməyə əsas verir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə