"Zorakılıq və terror sülh yarada bilməz" - ŞƏRH EDİLDİ

"Ümumiyyətlə, heç bir halda zorakılıq, terror və təzyiq vasitələri ilə sülhə nail olmaq mümkün deyil. Azərbaycan hər zaman dövlətçilik prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bu mövqeni qətiyyətlə qoruyub və sülhün yalnız sivil, konstruktiv dialoq yolu ilə əldə oluna biləcəyini vurğulayıb".

Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu yanaşma həm regional sabitliyin təmin olunması, həm də uzunmüddətli əməkdaşlıq mühitinin formalaşması baxımından əsas prinsip kimi qəbul edilir: "Bu baxımdan, baş verən hadisələr, zorakılıq və terror halları qəti şəkildə pislənilməli və heç bir halda qəbul edilməməlidir. Çünki bu cür hərəkətlər yalnız insan itkilərinə və humanitar böhranlara səbəb olmaqla kifayətlənmir, eyni zamanda regionda gərginliyi artırır və etimad mühitinin formalaşmasını ciddi şəkildə zədələyir. Belə yanaşmalar nə regionda sabitliyə xidmət edir, nə də tərəflər arasında qarşılıqlı anlaşma və etimadın yaranmasına töhfə verir.

Bu mövqe yalnız hansısa bir ölkəyə və ya konkret hadisəyə ünvanlanmış mesaj deyil, Azərbaycanın ümumi və prinsipial yanaşmasını ifadə edir. Bu yanaşma dövlətlərarası münasibətlərdə sivil davranışın, qarşılıqlı hörmətin, suverenliyə ehtiramın və dialoqun üstün tutulmasını əsas şərt kimi irəli sürür. Azərbaycan hesab edir ki, beynəlxalq münasibətlərdə güc tətbiqi və təzyiq deyil, hüquqi və diplomatik mexanizmlər əsas rol oynamalıdır.

Azərbaycan həmçinin belə qənaətdədir ki, müasir dövrdə münaqişələrin həlli üçün alternativ yol yoxdur və istənilən gərginlik yalnız danışıqlar masası ətrafında, qarşılıqlı anlaşma və beynəlxalq hüquq çərçivəsində aradan qaldırıla bilər. Bu yanaşma həm regionun təhlükəsizliyi, həm də gələcək inkişafı baxımından ən düzgün və dayanıqlı yoldur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə