Siyasi ritorika yoxsa tarixi məsuliyyətsizlik? - MƏQALƏ

Son günlərdə Nyu-York şəhərinin meri Mamdani tərəfindən səsləndirilən fikirlər -xüsusilə 1915-ci il hadisələri və 2020-2023-cü illərə dair yanaşmalar-həm tarixi baxımdan, həm də müasir siyasi kontekstdə ciddi suallar doğurur. Bu fikirlərin təhlili göstərir ki,məsələlərə yanaşmada müəyyən sadələşdirmələr və selektiv yanaşma mövcuddur.

1915-ci il hadisələri ilə bağlı mövqe bildirmək yalnız siyasi bəyanat vermək deyil, həm də mürəkkəb tarixi proseslərə qiymət vermək deməkdir. Bu hadisələr Birinci Dünya Müharibəsi kontekstində baş verib və regionda bir çox xalqların faciələri ilə müşayət olunub.

Bəzi siyasi çıxışlarda bu hadisələrin yalnız bir tərəfdən təqdim edilməsi müşahidə olunur. Halbuki,tarix elmi müxtəlif mənbələrin müqayisəli təhlilini tələb edir. Arxiv materilları, fərqli ölkələrin tarixçilərinin araşdırılmaları və dövrün geosiyasi reallıqları nəzərərə alınmadan, verilən bəyanatlar tarixi ədalətliliyə deyil, siyasi gündəmə xidmət edir. Bu isə həqiqətin aydınlaşdırılmasına yox, onun daha da bulanıqlaşdırılmasına gətirib çıxarır.

2020-ci ildə, 44 günlük 2-ci Qarabağ müharibəsində qazanılan qələbə və 2023-cü ildə aparılan 23 saatlıq antiterror əməliyyatı zamanı qazanılan zəfər, regionda yeni reallıqlar formalaşdırdı.

Bu cür mürəkkəb hadisələrə verilən bəzi siyasi qiymətləndirilmələrdə balansın qorunmaması, sadəcə“yaxşı-pis” çərçivəsində təqdim olunması, reallığın təhrifidir. Regional münaqişələrin səbəbləri,beynəlxalq hüquq, ərazi bütövlüyü, tarixi kontekst kimi əsas faktorlar nəzərə alınmadan verilən bəyanatlar ya məlumatsızlıqdan ya da məqsədli siyasi yanaşmadan xəbər verir.

Belə yüksək vəzifədə olan şəxslərin çıxışları yalnız şəxsi fikir deyil, həm də geniş auditoriyaya təsir edən mesajlardır. Xüsusilə də, çoxmillətli və həssas sosial struktura malik bir şəhərin meri üçün bu məsuliyyət daha da böyukdür. Bu baxımdan, Mamdani kimi liderlərin daha balanslı faktlara əsaslanan və məsuliyyətli yanaşma sərgiləməsi gözlənilir.

Nəticə etibarilə, tarixi və müasir hadisələrin qiymətləndirilməsi ciddi məsuliyyət tələb edir. Siyasi liderlərin bu məsələlərdə daha diqqətli olması, müxtəlif baxışları nəzərə alması və elmi əsaslara söykənməsi vacibdir. Əks halda səslənən fikirlər reallıqdan uzaq olmaqla yanaşı ictimai şüurda yanlış istiqamətlər yarada bilər.

Qloballaşma və Milli Həmrəylik İB-nin sədri Həsən Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə