"Müəllimin şagirdə əl qaldırmağa ixtiyarı yoxdur" - TƏHSİL EKSPERTİ AÇIQLADI

“Ölkədə 4400 dövlət ümumtəhsil məktəbi var. 2 minə yaxın isə dövlət məktəbəqədər təhsil müəssisəsi var. Eyni zamanda isə 34 özəl ümumtəhsil müəssisəsi var. Həmçinin 300-ə yaxın özəl məktəbəqədər təhsil müəssisəsi var”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

Onun sözlərinə görə, ölkədə milyonlarla şagird təhsil alır: “Bir məktəbdə baş verən xoşagəlməz hadisəni bütün müəllimlərə aid etmək olmaz. Dövlət ümumtəhsil məktəblərində 150 min müəllim çalışır. Hər bir müəllimin peşəkarlıq səviyyəsi eyni ola bilməz. Mətbuatda müəllimlərin şagirdlərə qarşı şiddət göstərməsi halları tez-tez gündəmə gəlir. Düşünürəm ki, gələcəkdə müəllimlərin təkcə bilik bacarıqları deyil, onların həm də psixoloji emosional vəziyyətinidə yoxlamaq lazımdır. Qeyd etdiyim kimi, hər hansısa bir məktəbdə və ya uşaq bağçasında baş verən xoşagəlməz halı bütün təhsil sisteminə aid etmək düzgün deyil. Təbiiki belə hallar olmamalıdır. Müəllimin şagirdə əl qaldırmağa ixtiyarı yoxdur. Əgər məktəbdə şagird müəllimin dərsinə qulaq asmırsa, müəllim öz müəllimliyini sorğulamalıdır. Təhsil Nazirliyi məktəblərdə yoxlamaları artırmalıdır. Müəllim şagirddə öz dərsinə qarşı maraq oyatmalıdır”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə