"Beş ilin nəticəsi tarixi zəfər və azad edilmiş ərazilərin bərpasıdır" - ŞƏRH EDİLDİ

"Biz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin 5-ci ildönümünü qeyd edərkən, həmin qürur dolu anları hər gün yenidən yaşayırıq. Bu zəfər yalnız hərbi uğur deyil, həm də Azərbaycanın müstəqilliyi, suverenliyi və xalqımızın iradəsinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, zəfərin silsilə tədbirlər şəklində ölkəmizdə qeyd olunması olduqca mühüm bir hadisədir, çünki bu, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər vasitəsilə Vətən müharibəsinin dəyərləri, qəhrəmanlıq nümunələri və milli həmrəylik prinsipləri gənc nəsillərə çatdırılır: "Zəfərimizin üzərindən keçən 5 il müddətində bu tədbirlər yalnız xatirələrin yad edilməsi ilə məhdudlaşmayıb, həm də sosial və mədəni proqramlar vasitəsilə gənc nəsilin şüurunda tarixi uğurun möhkəm kök salmasına yönəldilib.

Məktəblərdə, universitetlərdə, muzeylərdə və ictimai tədbirlərdə gənclərə Vətən müharibəsinin mənəvi və tarixi əhəmiyyəti dərindən izah olunub. Bu, həm də gənc nəsilin və milli şüurun formalaşmasına xidmət edən bir vasitədir. Eyni zamanda, son beş ilin nəticələrinə baxdıqda, bu müddət yalnız tarixi zəfərlə bağlı deyil, həm də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası ilə sıx bağlıdır. Qarabağ və Şərqi Zəngəzurda şəhər və qəsəbələrimizin müasir infrastruktura malik şəkildə bərpası, yolların, sosial obyektlərin və iqtisadi zonaların yaradılması ölkəmizin davamlı inkişaf strategiyasının bir hissəsidir. Beləliklə, bu dövr həm də tariximizdə zəfər tarixi kimi qeyd olunur, eyni zamanda Azərbaycan dövlətçiliyinin yeni mərhələyə qədəm qoymasını əks etdirir.

Bütün bunlar nəticə etibarilə həm gənc nəsilin və milli şüurun formalaşmasına, həm də dövlət quruculuğumuzun daha da möhkəmlənməsinə, iqtisadiyyatın sürətlə inkişafına və ərazilərin yenidən həyat dolu məkana çevrilməsinə xidmət edir. Bu zəfər və onun nəticələri Azərbaycanın gələcək inkişafında və beynəlxalq mövqeyində mühüm rol oynayacaqdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə