Kriptovalyuta bazarında NƏ BAŞ VERİR? - EKSPERT AÇIQLADI

“Kriptovalyuta bazarında qeyri-sabitlik qalıcı xarakter daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında maliyyə eksperti Rauf Cəfətov bildirib.

Onun sözlərinə görə, son aylarda kriptovalyuta bazarında müşahidə olunan qiymət dalğalanmaları təkcə texnoloji amillərlə deyil, həm də qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklərlə bağlıdır: “Son dövrlər "Bitcoin" və digər əsas kriptovalyutaların qiymətindəki artım və enişlər investorlar arasında panika yaradır. Amma bu bazarın təbiəti elədir ki, sabitlik gözləmək çətindir. ABŞ-da faiz dərəcələrinin dəyişməsi, Çin və Avropa bazarlarında tənzimləyici qərarların sərtləşməsi kripto aktivlərə birbaşa təsir göstərir.

Kriptovalyutalar hələ də dövlət nəzarətindən kənar maliyyə aləti kimi qlobal iqtisadi sistemin bir hissəsinə çevrilməyə çalışır, lakin bu proses uzunmüddətli olacaq. Kripto aktivlərə sərmayə qoymaq üçün uzunmüddətli strategiya və risk idarəetməsi vacibdir. Bu bazarda ani qazanclar çox cəlbedici görünür, amma bazar dərinliyi və likvidlik az olduqda böyük itkilər qaçılmaz olur. Əgər investor fundamental analiz aparmırsa, sadəcə trendlərə əsaslanırsa, itki ehtimalı çox yüksəkdir. Yaxın gələcəkdə kriptovalyuta bazarında sabitləşmə yalnız beynəlxalq tənzimləmə mexanizmləri formalaşdıqdan sonra mümkün olacaq”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə