“Tramp Amerikanın siyasi dirçəlişinin simvoludur“ - ŞƏRH OLUNDU

“ABŞ Prezidenti Donald Trampın son bəyanatları onun Amerikanın güc strukturlarını silkələyən, sistemin dərin qatlarını ifşa edən lider olduğunu bir daha göstərdi. O, açıq şəkildə bildirir ki, ABŞ-ın real problemləri xaricdə deyil, elə öz içində illərlə formalaşmış, korrupsiyaya bulaşmış dairələrdədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Trampın ən böyük fərqi, bu dairələri qorxutmadan, birbaşa ad çəkmədən onların maskasını cırmasıdır: “O, həm ənənəvi medianın, həm də yeni media platformalarının manipulyativ gücünü dəqiq tanıyır və bu mexanizmlərin dövlətin təməl dəyərlərinə zərbə vurduğunu cəsarətlə dilə gətirir. Trampın ritorikası sərt olsa da, hədəfi aydındır – Amerika dövlətini “dərin hökumət” deyil, seçilmiş xalq iradəsi idarə etməlidir.

O, populist deyil, sadəcə sistemin illərlə gizlətdiyi reallığı açıq danışan liderdir. Tramp cəmiyyətə göstərdi ki, müstəqil düşünən prezident media monopoliyasının əsiri olmamalıdır. O, iqtisadiyyatda olduğu kimi, siyasi sahədə də milli maraqları prioritetə çevirib. Xarici təsir agentlərinin, lobbi qruplarının və korrupsiya mexanizmlərinin ifşası onun “yenidən böyük Amerika” ideyasının əsasını təşkil edir. Trampın bu ritorikası, ABŞ siyasətində təkcə konservativ düşüncənin deyil, həm də dövlətçilik prinsiplərinin dirçəlişidir.

Onun cəsarəti və açıq danışığı, müasir Amerikanın yalançı tolerantlıq pərdəsi arxasında gizlənən ziddiyyətləri üzə çıxarır. Tramp bir çoxlarının dilə gətirməyə qorxduğu həqiqətləri deyir və buna görə də kəskin tənqid olunur. Amma tarix göstərir ki, həqiqəti danışan liderlər həmişə əvvəlcə tənqid, sonra təqdir olunurlar. O, bu gün təkcə Respublikaçıların yox, Amerikanın siyasi dirçəlişinin simvoludur. Trampın dedikləri bəzilərini narahat edir, amma Amerika üçün o, hələ də sistemin qarşısında dayanan son real liderdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə